BİR KƏND YASDA - Altı qadın dəfn edildi + VİDEO (Yenilənib)

 
5-09-2022, 14:09            94 dəfə baxılıb
Lerikdəki “Baba ocağı” ziyarətgahından qayıdarkən qəzaya düşən Lənkəran sakinləri ilə bağlı yeni faktlar ortaya çıxıb. 
OxuAz-a verilən məlumata görə, kənd sakinləri hər 20 gündən bir öz aralarında ocaqlara ziyarət təşkil edirmişlər: “Xanımlar ziyarəti öz aralarında təşkil ediblər. Onların hamısı dindar insanlar olub, demək olar ki, hər 20 gündən bir müxtəlif ocaqları ziyarət edirdilər. Lerikdə ocaq var, bu dəfə də oraya gediblər. Qayıdanda Günəşli kəndində sürücü idarəetməni itirib, deyəsən, bir az sürətlə sürürmüş, nəticədə avtomobil beton hasara çırpılıb. Səkkiz nəfər ölüb, onlardan biri Göyşaban, yeddi qadın isə Boladi kənd sakinləridir. Hadisədə doqquz nəfər yaralanıb, hazırda Lənkəran rayon Mərkəzi Xəstəxanasında reanimasiyadadırlar”.
Bildirilib ki, ziyarətə təxminən 40 nəfər gedib: “Sürücü daim onları ocaqlara aparan şəxs olub. Sadəcə hadisə təsadüf nəticəsində baş verib, maşın köhnə olduğuna görə əyləci yaxşı işləməyib. Bu ziyarətə iki maşınla gediblər. Digər avtomobildə də 20 nəfərə yaxın xanım olub, onlar ziyarətdən bir saat tez qayıdıblar”.






10:18
Dünən saat 15:20 radələrində Lerikin Günəşli kəndi yaxınlığında baş vermiş ağır yol qəzası nəticəsində vəfat edən 8 qadının cənazəsi ailələrinə təhvil verilib.
“Qafqazinfo” xəbər verir ki, xəstəxanalarda aparılan tanınma prosesindən və ekspertizadan sonra gecə saatlarında onların nəşi yaxınlarına təhvil verilib. Vəfat edən qadınlardan biri Saray Axundova artıq Lənkəranın Boladi kəndində dəfn edilib. Bu gün kənd qəbiristanlığında Boladi kənd sakini olan daha 6 qadın dəfn ediləcək.
Boladi kənd Bələdiyyəsinin sədri Salman Dadaşov bildirib ki, artıq dəfn prosesi ilə bağlı bütün hazırlıq işləri görülüb.
Qəzada vəfat edən sərnişinlərdən Xəlilova Dilarə İslam qızı sürücü Səyyad Səyyadovun baldızı olub. Sürücünün həyat yoldaşı Zəhra Səyyadovanın vəziyyəti isə ağır qiymətləndirilir. Bundan başqa qəzada vəfat edən Təcrübə Ağayeva və Səmayə Rzayeva bacı olublar.
İlkin məlumata görə, qəzaya uğrayan mikroavtobus təhlükəsizlik standartlarına cavab verməyib.
Çünki adətən əvvəllər xarici ölkələrdə yük maşını kimi istifadə edilmiş bu tipli nəqliyyat vasitələri daha sonra mikroavtobus modelinə uyğunlaşdırılır.
Qeyd edək ki, Lerikin Zuvand kəndi yaxınlığındakı “Baba ocağı” ziyarətgahından qayıdan Lənkəran sakinlərinin olduğu mikroavtobusun sürücünün idarəetməsindən çıxaraq betona çırpılması və daha sonra aşması nəticəsində Boladi kənd sakinləri: Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Rəhimova Nazxanım İsabala qızı, Tahirova Zərnitac İslam qızı və Göyşaban kənd sakini Dilarə Xəlilova vəfat edib. Sürücü və avtobusun sərnişini olan daha 7 qadın xəstəxanalara yerləşdirilib. Onlardan sürücünün vəziyyətinin nisbətən yaxşı olduğu bildirilir. Digər yaralılar reanimasiya şöbəsində müalicə olunur.

***
Lerik rayonunun Günəşli kəndində baş verən yol qəzasında xəsarət alanların son durumu açıqlanıb. TƏBİB-dən bildirilib ki, xəsarət alanların müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Məlumata görə, xəstəxananın Reanimasiya şöbəsində müalicəsi aparılan 8 nəfərdən (7-si qadın, 1-i kişi olmaqla) ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Qeyd edək ki, sentyabrın 4-də rayonun Günəşli kəndində yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb. Nəticədə rayonun Göyşaban kənd sakini - Xəlilova Dilarə İslam qızı, Boladi kənd sakinləri - Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı vəfat edib. Sürücü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən paltaya köçürülüb.




Xəbəri paylaş


 
 


Xəbər lenti