İki il əvvəl 227 min manat “şapka” alınan iş adamının oğlu tenderdə qalib oldu - Burası AZƏRBAYCANDIR!
10-06-2022, 13:30 69 dəfə baxılıb
Qlobal.az xəbər verir ki, "Mənzillərin təmiri işləri" üzrə keçirilən tenderin məbləği 49.868 manat olub.
Satınalmada "BC İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.
"BC İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin dekabr ayının 10-da dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 12, m. M6 M3 ünvanı, qanuni təmsilçisi isə Bədəlli Cavid Cəlal oğludur.
Nizamnamə kapitalı 10 manat olan "BC İNŞAAT" MMC-nin əlaqə telefonu, faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.
Həmçinin bu təşkilatın müvafiq lisenziyası, əmək müqaviləsi ilə çalışan işçiləri, mühəndis heyəti, maddi-texniki bazası barədə də hər hansı informasiyaya rast gəlinmir.
"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
Qalib MMC-ni İcra Hakimiyyətinə nə bağlayır?
Qlobal.az xəbər saytı Şabran rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər üzrə Nümayəndəliyinin "Mənzillərin təmiri işləri" üzrə sifarişçi olduğu satınalmada qalib elan edilən "BC İNŞAAT" MMC barəsində ilginc məlumat əldə edib.
Əldə etdiyimiz məlumata görə Şabranda qalib elan edilən MMC heç də bu rayona yad olan təşkilat deyil.
Belə ki, "BC İNŞAAT" MMC-nin qanuni təmsilçisi Cavid Bədəlli iki il öncə Şabran rayon İcra Hakimiyyətinə qarşı şok iddia irəli sürən "Şabran D” MMC-nin qanuni təmsilçisi Cəlal Bədəlovun oğludur.
Cəlal Bədəlov 2020-ci ilndə media vasitəsilə dövlət rəhbərliyinə ünvanladığı şikayətində Şabran rayon İcra Hakimiyyəti başçısının o zamankı 1-ci müavini Mehdi Balabəyovun rayonda aparılan quruculuq işlərinin və yeni layihələrin onun şirkətlərinə verilməsi üçün ondan 227.000 (iki yüz iyirmi min) manat pul aldığını iddia edirdi.
O zaman kiçik bir rayonda dövlət satınalmaları üçün 227 min manat "şapka" tələb olunması ictimaiyyət arasında böyük rezonans doğurmuş, bu sahədə olan korrupsiyanın miqyasını bir daha açıq-aydın ortaya qoymuşdu.
Bu hadisənin üstündən bir müddət keçəndən sonra fəaliyyəti haqqında heç bir informasiya olmayan "BC İNŞAAT" MMC-nin Şabran rayon İcra Hakimiyyətinin başçısının Şabran şəhər üzrə Nümayəndəliyinin sifarişçi olduğu satınalmada qalib elan edilməsi müəyyən şübhələrə yol açır.
Qeyd edək ki, "BC İNŞAAT" MMC bundan əvvəl Şabran rayon İcra Hakimiyyətinin başçısının Şabran şəhər üzrə Nümayəndəliyinin "işıqlandırma işləri" (59.993 manat) və Şabran Suvarma Sistemləri İdarəsinin "Cari təmir işləri üçün tikinti materiallarının satınalınması" (109.150) lotu üzrə sifarişçi olduları satınalmada qalib elan edilib.
Şabran rayon İcra Hakimiyyəti xəbərə münasibət bildirmədi.
Xatırladaq ki, Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovdur.
Asif Hüseynov 2019-cu ildə Şabran rayon İcra Hakimiyyətinə başçı təyin edilib. O, 2015-2019-cu illərdə Siyəzən rayonuna rəhbərlik edib.
Xəbəri paylaş