“1 aydır 50 hektar taxıl sahəmizə su verilmir” - Samuxda ÖZBAŞINALIQ

 
29-11-2022, 12:54            107 dəfə baxılıb
“Ötən il 10 hektarlıq üzüm bağlarımız su bölgüsünün düzgün aparılmaması üzündən yandı. 100 tondan çox üzüm və mindən çox üzüm tinglərimiz məhv oldu. Bu il yenə ölkə başçısının kənd təsərrüfatına qayğı və diqqət göstərməsiylə bağlı dediklərinə arxayınlaşdıq. Bu dəfə birgə əkin torpaqları prinsipiylə taxılçılıqla məşğul olmaq istədik. 50 hektar sahədə taxıl əkdik. Ancaq rayonun suvarma sahəsinə rəhbərlik edənləri sahələrimizi susuz qoydu”.

Samuxun Ağasıbəyli kənd sakini Xudaverdi Xuduyev Meydan TV-yə danışır ki, kəndlilər 1 aydan çoxdur 50 hektar taxıl sahəsini suvara bilmirlər. Nəticədə çəkdikləri xərc də batır. Kəndli suvarmada əngəllər yaradan səbəblərdən söz açır.

“Gəlib quyuya gedən elektriki kəsirlər”

Fermer deyir, kənddə artezian quyusu var, ancaq istifadə etməyə imkan vermirlər:

“Tez-tez adamlarını göndərirlər, gəlib arteziana gedən elektriki ayırırlar, səbəb demirlər, heç kimi dinləmirlər, heç kimlə hesablaşmırlar. Suyu istədikləri yerə istiqamətləndirirlər, özləri nəzarət edirlər. Bu özbaşına davranışlardan cana doymuşuq”.

Xudaverdi Xuduyevin sözlərinə görə, əkin sahələrinə verilən suyu kəsəndə şikayət üçün üstünə getməyə məmur da yerində tapılmır. Su idarəsinin rəhbərliyi telefonlarını söndürüb ortadan itir:

“Əlimiz hər yerdən boşa çıxanda, Meliorasiya və Su Təsərrüfatının “8770” Qaynar xəttinə zəng vururuq. Çox vaxt zəngə cavab verən olmur, Cavab verən olanda da “qeydə aldıq” deyib, yola verirlər”.

Xudaverdi Xuduyevin deməsinə görə, səbəb kimi arteziana sərf olunan enerji limitinin bitməsi göstərilir:

“Birincisi, 50 hektar sahəyə bir artezian quyusu azdır, azı üç quyu olmalıdır. İkincisi, əgər, doğurdan da, buna görə sahələrimiz susuzluqdan yanacaqsa, taxılımız məhv olacaqsa, mən öz sahəmə görə elektrik enerjisinin pulunu ödəməyə hazıram, təki məhsulum batmasın”.

“Normayla suvarsalar, hamıya su çatar”

Samux Rayon Suvarma Sistemləri İdarəsinin mühəndisi Sahil Allahverdiyev deyir, əkin sahələrinə suvarma suyu səhər saat 6-dan axşam saat 8-dək verilir:

“1 hektara 1000 kub su verilməlidir. Onlarsa artezianı 1 hektar əraziyə vurub, çıxıb gedirlər, gecə-gündüz suya baxmırlar. Heç yerdə belə şey yoxdur, biz də özbaşına deyilik. Onlar normaya riayət etsələr, hamının əkininə su çatar”.

Prezident İlham Əliyev aprelin 8-də “Samux rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə əlavə dair tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Samux rayonunun əhalisi 13 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, həmçinin əhalinin içməli suya tələbatının ödənilməsi üçün 15 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1 milyon manatdan çox pul ayrılıb.
//Meydan TV//




Xəbəri paylaş


 
 


Xəbər lenti