“Bakı-Quba yolu az qala kütləvi qırğın yerinə çevrilib”

 
16-06-2022, 13:37            69 dəfə baxılıb

“Bakı-Quba yolu az qala kütləvi qırğın yerinə çevrilib. Hər gün yolun iş görülən və avtomobillərin bir hərəkət hissəsi ilə üz-üzə getdiyi sahəsində ölümlə nəticələnən hadisələr olur”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri öz feysbuk hesabında yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov yazıb.
O xatırladıb ki, Bakı-Quba yolu beton yolu kimi yenidən qurulduqdan qısa müddət sonra həmin yoldan istifadə edənlərin baş bəlasına çevrilib: “Bunu hamı bilir. İstismara veriləndən az müddət sonra yolda əmələ gələn qüsurlar nəticəsində saysız-hesabsız qəzalar baş verib, avtomobillərə, daşınan yüklərə külli miqdarda ziyan dəyib. Nəhayət ki, yoldakı qüsurların əsaslı şəkildə aradan qaldırılmasına başlanılıb”.
Ə. Hüseynov qeyd edib ki, görülən işlərlə əlaqədar yolun hərəkət hissələrindən biri (Bakıya gələn istiqamət) xeyli məsafədə bağlanıb və avtomobillər digər hərəkət hissəsi ilə qarşı-qarşıya hərəkət edirlər: “Buna uyğun nişanlar qoyulub, sürət məhdudiyyəti tətbiq edilib, ötmə qadağan edilib, hərəkət hissəsinin ortası ilə xətt çəkilib və s.
Təəssüflər olsun ki, indi də həmin yol bu səbəbdən az qala kütləvi qırğın yerinə çevrilib. Hər gün yolun iş görülən və avtomobillərin bir hərəkət hissəsi ilə üz-üzə getdiyi sahəsində ölümlə nəticələnən hadisələr olur. Hadisələrin də demək olar ki, hamısı toqquşmadır (əksəriyyəti qarşılıqlı toqquşma olmaqla)”.


Ekspert, həmçinin sürücülərə də müraciət edib: “Əziz sürücülər, hara tələsirsiniz? Həmin yolun Gəndov kəndindən Yaşma qəsəbəsinədək pis vəziyyətdə olan və xeyli yerlərində iş gedən hissəsinin uzunluğu təxminən 70 km-dir. Bu məsafəni normal vəziyyətdə həmin yol üçün nəzərdə tutulan 90 km/saat sürətlə getsəniz, bu, təxminən 47 dəqiqə edir. Həmin məsafəni 60 km/saat sürətlə getmək isə təxminən 70 dəqiqə edir. Fərq cəmi 23 dəqiqədir. Həm də nəzərə alsın ki, hər yerdə qabağınızda daş yüklü “KamAz” olmur və daha rahat getmək də olur. Həmin 23 dəqiqə üçün özünüzün və sərnişininizin həyatını, yaxud azadlığınızı riskə atmağa dəyərmi? Əlbəttə, yox. Onsuz da həmin 23 dəqiqələri boşa verdiyimiz minlərlə hal hamımızın həyatında var və olacaq.
Ona görə də qaydalara riayət edin, qadağandırsa, ötmə etməyin, sürət rejimini pozmayın, bir-birinizin arxasınca səbirlə getməyi öyrənin. Bütün bunlar elə də çətin iş deyil. Sadəcə olaraq, özünüzü “tələsirəm” sindromundan uzaq tutun.
Həmin yolun ən qısa vaxtda bərpa ediləcəyinə də ümid edirik. Yol tikənlər də nəzərə almalıdırlar ki, işlər nə qədər tez bitsə, qəzalar da az olar”.




Xəbəri paylaş


 
 


Xəbər lenti