İcbari tibbi sığorta hansı xəstəxanalarda keçərlidir? – SİYAHI

 
3-05-2023, 12:41            128 dəfə baxılıb
TƏBİB-dən Səhiyyə Nazirliyinə keçən xəstəxanalarda icbari tibbi sığorta fəaliyyət göstərir.
Bu barədə sorğumuza cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, vətəndaşlar ambulator tibbi xidmətlə bağlı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən yararlanmaq üçün birbaşa olaraq həmin tibb müəssisələrinə müraciət edə bilərlər.
“Buraya ixtisaslı həkimin müayinəsi, müvafiq laborator və instrumental müayinələr, radioloji xidmətlər və s. daxildir. Nəzərinizə çatdıraq ki, müvafiq laborator və instrumental müayinələr, radioloji xidmətlər ixtisaslı həkimin müayinəsi nəticəsində tibbi göstərişə əsasən aparılır.
Stasionar tibbi xidmətlərdən yararlanmaq üçün isə göndəriş vərəqəsi ilə sözügedən tibb müəssisələrinə yaxınlaşmaq mümkündür”, – deyə əlavə edilib.
Xatırladaq ki, 2023-cü il yanvar ayının 1-dən etibarən Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Qeyd edək ki, 2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı müqaviləli tibb müəssisələrinin sayı 20-dən 111-ə yüksəlib. Hazırda isə müqaviləli tibb müəssisələrinin sayı 122-dir.



Xəbəri paylaş


 
 


Xəbər lenti