28 May – Müstəqillik Günü xalqımızın tarixi yaddaşında azadlıq simvoludur
27-05-2025, 12:02
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.Şərqdə ilk parlamentli respublika quruldu. Bu, təkcə Azərbaycan xalqının deyil, bütün müsəlman Şərqinin tarixində mühüm dönüş nöqtəsi idi. Mürəkkəb hərbi siyasi şəraitdə, tarixi, mədəniyyəti, dili, dini təziqlər altında olan bir dövrdə, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək nəinki Şərqdə eləcə də müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini dünyaya nümayiş etdirmiş oldu.Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq, müvəqqəti olaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Ulu Öndər 1993-cü ilin oktyabrında dövlət başçısı seçildi. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Ulu Öndərin xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərindəndir.
Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdir. Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Sahibkarlığa, sərbəst rəqabətə yol açan və liberallığı özündə ehtiva edən sosialyönümlü iqtisadiyyat modelinin əsası qoyulmuşdur.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası, müdrik siyasi kursu, mütərəqqi dövlətçilik konsepsiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. 2021-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə 28 May – Müstəqillik Günü dövlət bayramı kimi təsdiq olundu. Bu addım bir daha göstərdi ki, ölkə rəhbərliyi tarixi mirasa böyük önəm verir, dövlətçilik ənənələrinin qorunmasını prioritet hesab edir. Prezidentin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işləri, regionda sülh və təhlükəsizlik təşəbbüsləri, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, müstəqil və prinsipial mövqe ilə müşayiət olunur. 28 May – Müstəqillik Günü təkcə keçmişin xatırlanması deyil, həm də gələcəyə inamın və milli birliyin simvoludur. Azərbaycan xalqı bu tarixi irsin daşıyıcısı olaraq, dövlətçiliyini qorumağa və gücləndirməyə davam edir. Azərbaycan Respublikasının bugünkü inkişafı, dövlətçilik ənənələrinin davamlılığı və xalqın rifahı üçün göstərilən qətiyyətli siyasət, bunların həyata keçdiyinin parlaq sübutudur.
Aydın Yusifov
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi
Xəbəri paylaş



























