Əli Əliyev aclıq aksiyasını dayandırdı
8-06-2022, 12:48
Ötən gün Yasamal Rayon Məhkəməsində keçirilən prosesdən sonra Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev aclıq aksiyasına başladığını söyləmişdi.“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasının rəhbərliyinin profilaktik söhbətlərindən sonra Əli Əliyev başladığı aclıq aksiyasını dayandırıb.
Xatırladaq ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq xüsusi ittiham qaydasında 2 şikayət veriblər.
İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi ittihamçıların şikayətləri ayrı icraatda araşdırılıb.
Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Ə.Əliyev 5 ay müddətinə həbs edilib.
Bir müddət sonra isə Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilovun xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə prosesində isə Ə. Əliyevin əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum edilib.
Xəbəri paylaş



























