İrəvanda Qarabağın Rusiyaya ilhaqına çağıran vərəqələr yayılıb - Tərəflər bir-birini günahlandırır

 
23-08-2022, 13:28            80 dəfə baxılıb
Ermənistanın paytaxtı İrəvanın küçələrində Rusiyanın Ukraynaya müdaxiləsinin simvoluna çevrilmiş “Z” işarəli vərəqələr yayılıb. "Əyalətmedia.az" "Azadlıq" radiosunun erməni xidmətinə istinadla xəbər verir ki, dirək və ağaclara yapışdırılmış ermənicə vərəqələrdə keçmiş SSRİ-də bəzi ərazilərin Rusiyaya ilhaq olunmasına çağırış edilir. Bu barədə məlumatlar və fotolar sosial media şəbəkələrində yayılıb.
Vərəqələrdəki şüarlarda deyilir: Krım – Rusiyadır. Donetsk – Rusiyadır. Luhansk – Rusiyadır. Mariupol Rusiyadır. Zaporojye Rusiyadır. Xerson Rusiyadır. Tiraspol Rusiyadır. Sxinval Rusiyadır. Şimali Qazaxıstan Rusiya olacaq. "Artsax" (Qarabağ-red) qoy Rusiya olsun”.
Qeyd olunur ki, bu vərəqələr Moskvanın Ukraynanın işğal edilmiş ərazilərində referendumlar keçirmək planları barədə xəbələrlə eyni vaxtda yayılıb.Sosial media istifadəçiləri vərəqələrin yüksək poliqrafik keyfiyyətlə və dizaynla işlənməsinə diqqət yetirirlər.
Vərəqələrin dizaynı Vahid Rusiya partiyasının təbliğat materiallarının tərtibatına bənzəyir. Bu da maraqlıdır ki, vərəqələrdə Ermənistanda keçmiş prezident Robert Koçaryanın müxalif parlament fraksiyası - "Hayastan"ın emblemi çap olunub.
"Hayastan" bloku bu vərəqələrlə hər hansı bağlılığına dair iddiaları rədd edib, bunu təxribat adlandırıb və Baş nazir Nikol Paşinyanın tərəfdarlarını günahlandırıb.
Koçaryan Kremlə yaxın siyasətçi hesab olunur. Onun tənqidçiləri düşünürlər ki, İrəvanda bu vərəqələrin yayılması rusiyayönlü qüvvələrin Koçaryana dəstəyinin nümayişidir. Öz növbəsində rusiyayönlü fəallar və blogerlər hadisəni Ukrayna xüsusi xidmətlərinin əməli hesab edirlə
Şahidlər diqqəti belə bir məqama çəkirlər ki, vərəqələr İrəvanın mərkəzində yapışdırılıb, halbuki "Sürməli" ticarət mərkəzindəki partlayışdan sonra bu küçələr polis tərəfindən ciddi mühafizə olunur.
"Hayastan" parlament fraksiyasından deputat Geğam Manukyan hadisəni təxribat təbliğatı adlandırıb: “Təşkilatçılıq, çap keyfiyyəti, "Hayastan" blokunun rəmzindən istifadə olunması – bütün bunlar bunun çox yaxşı təşkil olunmuş təxribat, "Hayastan" blokuna qarşı təxribat və müxalifətə qarşı təxribat olduğunu göstərir”.
Manukyan bildirib ki, vərəqələrin müəllifləri müxalifəti təxribata çəkməyə çalışıblar: “Hansısa cəfəngiyyat yazılıb orda. Zənnimcə bu, Ermənistanın daxili siyasi həyatında, Rusiya Fedearsiyasına münasibətlə, Rusiya sülhməramlılarına münasibətlə bağlı təxribat törətmək cəhdidir”.
Manukyanın fikrincə bu təxribat məhz müxalifəti əsas gündəlikdən yayındırmaq və hədəfləmək üçün törədilib.
Hələlik nə rəsmi Yerevan, nə də Ermənistan müxalifəti Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı rəsmi bəyanat verməyiblər.
Polis orqanlarından bildiriblər ki, sözü gedən vərəqələrlə bağlı heç bir məlumat daxil olmayıb və heç bir iş aparılmır.



Xəbəri paylaş


 
 


Xəbər lenti