ABŞ Paşinyandan üz döndərir? - Sensasion iddiaya Bakıdan baxış
6-11-2025, 13:13

Qərb nəşrləri iqtidarı “topa tutmağa” başlayıb, məşhur amerikalı jurnalist isə Kremlin adamına tribuna verir - səbəblər
“Qərbin hazırkı Ermənistan hakimiyyətini dəstəklədiyinə dair fikirlər olsa da, görünən odur ki, bu dəstək xeyli azalıb və heç də bütün Qərb dairələri baş nazir Nikol Paşinyanı və onun hökumətini dəstəkləmir”.Bu barədə “Past” qəzeti məlumat yayıb (Teleqraf).
Nəşrin yazdığına görə, bunu son vaxtlar bir sıra Qərb KİV-lərində dərc olunan kəskin məqalələr, eləcə də Avropa rəsmilərinin Ermənistana qarşı apardıqları kampaniyalar sübut edir. Mənbənin fikrincə, Paşinyanın kilsə əleyhinə apardığı kampaniya, Ermənistanda baş verən siyasi həbslər, xüsusən də rusiyalı oliqarx Samvel Karapetyanın həbsi Qərbdə o qədər də xoş qarşılanmayıb.
“Məsələn, Avronest Parlament Assambleyasının İrəvanda keçirilən son iclasında Avropa Parlamentinin deputatları Naço Sançes Amor və Sergey Laqodinski Ermənistan hakimiyyətinin hərəkətlərinə çox sərt reaksiya veriblər.
Ötən həftə nüfuzlu “Financial Times” kifayət qədər geniş məqalə dərc edib. "Ümumiyyətlə, bugünlərdə bir sıra Qərb mediası Ermənistanda baş verən siyasi həbsləri işıqlandırır. Məlum olduğu kimi (təsisçisi İrəvanda həbs edilmiş rusiyalı iş adamı Samvel Karapetyan olan), “Bizim Yol” hərəkatının koordinatoru Narek Karapetyanın Nyu-Yorka səfəri də maraqlıdır və orada onun məşhur amerikalı siyasi şərhçi Taker Karlsona müsahibəsi nəzərdə tutulub. Müsahibə zamanı hansı məsələlərə toxunulacağı yaxın vaxtlarda bəlli olacaq, amma müsahibə faktının özü çox diqqət çəkir", - qəzet vurğulayıb.
Nəşrə görə, bu fakta Ermənistanda Samvel Karapetyanın Rusiyanın dəstəyinə malik olması barədə yayılmış stereotipdən baxmaq olar: “Bu stereotip onun biznes fəaliyyətinin əksəriyyətini Rusiyada qurmasına əsaslanır. İkinci fakt budur ki, Karlson müxtəlif dövlətlərin liderləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp, İran Prezidenti Məsud Pezeşkian, Macarıstan Baş naziri Viktor Orban və sairlə müsahibələr aparıb. Ermənistana münasibətdə müsahibəyə ölkənin baş nazirini deyil, müxalifət xadimini dəvət edir. Taker Karlson Amerikanın ən tanınmış siyasi şərhçilərindən biridir və Tramp administrasiyası ilə sıx əlaqələrə malikdir. Belə məsələlərdə heç vaxt təsadüflər olmur. Deməli, Qərbdə Nikol Paşinyandan əllərini çəkməyə başlayıblar”.
Xatırladaq ki, erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan iyunda Ermənistanda hakimiyyəti devirməyə açıq çağırış ittihamı ilə həbs edilib. Bundan sonra “Bizim Yol” adlı siyasi hərəkat təsis edən iş adamı 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. Karapetyanın həbsi Rusiyada rezonans doğurub, hətta Xarici İşlər Nazirliyi səviyyəsində bu məsələyə münasibət bildirilib. Onun seçkilərdə Kremlin mümkün namizədlərindən biri olacağı barədə məlumatlar var.
Bəs bu qəbul iddialar nə dərəcədə ciddi sayıla bilər? Bu, hökumətə qarşı bir anti-PR gediş deyil ki? ABŞ Paşinyandan niyə əlini üzsün ki...
:1200.jpg)
Ramiyə Məmmədova
Siyasi analitik Ramiyə Məmmədovanın sözlərinə görə, Ermənistan hakimiyyətinin Qərbdə indi əsas dayağı Fransadır. Ekspert ABŞ-nin indiki administrasiyasının Paşinyanı Bayden dövründə olduğu qədər dəstəkləmədiyini müşahidə edir: “Bununla belə, Paşinyan Trampla bir neçə dəfə görüşmək fürsəti əldə edib, 8 avqust sənədi Vaşinqtonda imzalanıb. Yəni Birləşmiş Ştatlar əlini Paşinyan iqtidarının kürəyindən çəkməyib. Sadəcə, əsas siyasi təminatçısı Makron və Yelisey sarayıdır. Bu da özlüyündə Avropa İttifaqının Paşinyanı dəstəkləməsi anlamını verir. Hesab etmirəm ki, Qərb və ABŞ onu yarıyolda qoyacaq. Xüsusən də kritik seçkilər yaxınlaşır. Sadəcə, bəzi dairələrin onu tənqid etməsi, ABŞ-də erməni diaspor və lobbisinin maliyyəsi ilə Paşinyan əleyhinə kampaniya aparılması mümkündür”.
Siyasi şərhçi Karlsonun müsahibə niyyətini də məhz erməni lobbisinin sifarişi sayır. Onun fikrincə, məqsəd Paşinyan hakimiyyətinin repressiv siyasət yürütdüyünü beynəlxalq ictimai rəyə təqdim etməkdir: “Halbuki Karapetyan Rusiyanın adamıdır. Məntiqlə Qərb mediası onu müdafiə etməkdə niyə maraqlı olsun? Deməli, ABŞ-dəki erməni lobbisi İrəvandakı müxalifətlə, revanşist güclər və kilsə ilə eyni mövqedən çıxış edir, yəni hədəf Paşinyandır. Hərçənd ABŞ-dəki erməni lobbisi o qüvvələrlə bir ələ oynamalı deyil. Onlar Rusiyanın dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlməsini istəməməlidir”.
Siyasi təhlilçi bütün hallarda Paşinyana təhlükənin Qərb yox, Rusiyadan olduğunu düşünür: “Baxmayaraq ki, Qərb mediasında ona tənqidlər yer alır, bunu Avropa və Birləşmiş Ştatların ondan üz çevirdiyi kimi qiymətləndirmək fikrində deyiləm. Əksinə, seçki yaxınlaşdıqca, Paşinyana dəstək artırılacaq. Qərb Paşinyanı öz adamı sayır. Rusiya isə onun yerinə real namizəd tapa bilmir. Gələn il gərginlik olacaq və Rusiya müxtəlif qrupları hərəkətləndirəcək. Ancaq Paşinyanın iğtişaşları yatıracağını gözləyirəm. Ermənistanda hakimiyyəti qoruyan mərkəzlərdən biri elə ABŞ-dir. Birləşmiş Ştatların İraqdan sonra ikinci ən böyük səfirliyi İrəvanda yerləşir. Diplomatik korpusun iki mindən çox əməkdaşı var. Bu da onların kəşfiyyatçı və hərbi qüvvələr olmasından xəbər verir. Həmçinin Fransa kəşfiyyatı da Paşinyanı mühafizə edir. Eyni zamanda erməni cəmiyyəti Rusiyaya bağlı qüvvələri yenidən hakimiyyətə gətirmək istəməz. Bu, geriyə addım olardı”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Xəbəri paylaş



























