Tehranın bitməyən hərbi parad “sancısı” - Bakıdan təpki
20-11-2025, 13:39
SEPAH mediasının gözü 8 noyabr nümayişində yalnız İsrail silahlarını görürİranın 8 noyabrda Bakıda Zəfərin 5 illiyi ilə bağlı keçirilən hərbi parad isterikası davam edir. Tribuna.az xəbər verir ki, bu ölkənin mediası mütəmadi olaraq Azərbaycanın nümayiş etdirdiyi silahları təftiş və onların özləri üçün “təhlükə” olduğunu iddia edir.
Bugünlərdə “Mashregh News” saytı bununla bağlı yazıb ki, guya paradda nümayiş etdirilən bütün silahlar hamısı İsrail istehsalıdır. Hətta Çin və Rusiya istehsallı silahları belə İsrailin adına çıxıb. Cənub qonşumuzda xüsusən SEPAH-ın himayə etdiyi media resursları davamlı olaraq Azərbaycana şər-böhtan yağdırır, hər mövzuda “sionizm barmağı” axtarır. İran öz daxilini təftiş etmək əvəzinə Azərbaycanda “İsrail təsirini” qabardır. 12 günlük müharibə onun daxilində İsrail agenturasının necə işlədiyini ortaya qoydu. Hətta İsrail PUA-sının şəhərin ortasına daşınması zamanı saxlandığı üzə çıxmışdı.
Azərbaycana gəldikdə isə İsraildən silah almağımız Tehranı narahat etməməlidir. Üstəlik, hərbi paradda digər ölkələrdən alınan silahlar da nümayiş etdirilib. Əgər İranın da istehsal etdiyi müasir silahlar varsa, biz qonşudan onu da ala bilərik. Amma görünür ki, həm Türkiyə və Pakistan liderlərinin paradda iştirakı İrandakı dairələri qıcıqlandırır, həm də SEPAH İsrail mövzusunda hər dəfə Azərbaycana qara yaxmaqdan əl çəkmək istəmir.
Hərbi paradın üstündən isə 10 gündən çox keçib. İranın bu “sancısı” nədən qaynaqlanır?

Azər Badamov
Deputat Azər Badamov “Yeni Müsavat”a dedi ki, 8 noyabrda Bakıda keçirilmiş Zəfər paradında nümayiş olunmuş hərbi texnikalar Azərbaycan ordusunun hərbi gücünün bir qismidir: “Əslində ölkəmizin müdafiə qabiliyyəti daha böyükdür. Ordumuz ölkəmizin suverenliyini və ərazi bütövlüyünü etibarlı şəkildə qorumağa qadirdir. Bəli, silahlanmağımız, yeni silahların qəbul edilməsi hər hansı bir ölkəyə hücum etmək məqsədi daşımır. Ordumuzun gücləndirilməsinin əsas məqsədi ölkənin müdafiə gücünün artırılmasıdır. Təbii ki, Azərbaycan hansı ölkələrdə daha müasir silahlar istehsal olunursa, o ölkələrdən silahlar alaraq ordusunu təchiz edir. Bu baxımdan dünyanın aparıcı silah istehsalçısı olan Çin, Rusiya və digər ölkələrdə istehsal olunan müasir silahların, o cümlədən İsrail silahlarının alınmasına üstünlük verilməsi müstəqil hüququmuzdur və bu məsələ heç bir dairəni narahat etməməlidir. Amma təəssüf ki, paradın keçirilməsindən 10 gün keçməsinə baxmayaraq, cənub qonşumuzda narahatlıq davam edir və xüsusən SEPAH-ın himayə etdiyi media resursları davamlı olaraq Azərbaycana şər-böhtan yağdırır, hər mövzuda "sionizm barmağı" axtarır".
Deputat qeyd etdi ki, İsrailin silahları daha müasirdir: “Bunu Azərbaycanla niyə bağlayırlar, çox maraqlıdır. Yaxşı olardı ki, İran özünün müdafiə qabiliyyətini artırsın və 12 günlük müharibədə İsrail PUA-larının şəhərin mərkəzinə necə çıxdığını araşdırsın. Azərbaycanın İrana qarşı heç bir pis niyyəti yoxdur. Bu baxımdan deyə bilərik ki, hətta İranın da daha müasir silahları olacağı təqdirdə biz onlardan da müəyyən silahlar ala bilərik. Azərbaycana heç kim silah hədiyyə etmir. Ölkəmiz müstəqil şəkildə hansı ölkələrin daha müasir silahları varsa, o ölkələrdən həmin silahları pulla alaraq idxal coğrafiyasını şaxələndirir. Burada cənub qonşularımızın qeyd etdiyi kimi, müəyyən siyasi maraqları səbəbindən hər hansı bir ölkə ilə silah alverini etmək kimi bir niyyətimiz heç vaxt olmayıb və olmayacaq. Bu baxımdan cənub qonşumuzun narahat olması yersizdir və Azərbaycana görə narahat olub yuxularını qaçırtmasınlar”.

Səxavət Məmməd
Hərbi ekspert Səxavət Məmmədin sözlərinə görə, Azərbaycan qələbənin 5 illiyinə həsr olunmuş Zəfər paradında yeni silahlar, texnikalar nümayiş etdirdi: “Bütün hərbi paradlar qonşular və rəqiblər tərəfindən izlənilir, incələnir. Azərbaycanın nümayiş etdirdiyi yeni silahlar həm Ermənistan, həm də İran mətbuatı tərəfindən ciddi şəkildə təhlil edildi. Ermənistan bu təhlillərlə arsenalına qatmalı olduğu silahları bir növ müəyyən edir. İranın Azərbaycan arsenalındakı yeni silahları təhlil etməsi də müəyyən mənada anlaşılandır. Ancaq xüsusilə SEPAH-a bağlı mətbuat orqanları Azərbaycanın silahlanmasında daha çox İsrail izi axtarır. İranda nə qədər ki, SEPAH mövcuddur, Azərbaycanla İranın uzunmüddətli, daimi dostluğu imkansızdır. İranın siyasi hakimiyyəti Azərbaycanla münasibətlərə nə qədər önəm versə də, SEPAH daim düşmənçilk tərəfdarı kimi çıxış edir”.
Onun sözlərinə görə, Azərbaycanın silahlanmasına baxdıqda və alınan yeni silahların siyahısını incələdikdə aydın şəkildə görünür ki, rəsmi Bakı arsenalını bir ölkəyə bağlı olaraq gücləndirmir: “Azərbaycan Pakistan, İsrail, Türkiyə, Çexiya, Serbiya və Çindən aldığı yeni silahları nümayiş etdirdi. Məntiqlə İran tərəfinin ən çox müzakirəyə çıxaracağı silahlar daha bahalı olan "JF-17" və Çindən alınan "HQ-9" hava hücumundan müdafiə sistemləri olmalı idi. Çünki İran-İsrail toqquşması zamanı İranın ən zəif yeri kimi hava döyüşləri və hava hücumundan müdafiə sistemlərində problemlər ortaya çıxmış oldu. Ballistik, Hipersonik raketlər istehsal edən bir ölkənin Azərbaycanın İsraildən aldığı raketi daha çox müzakirə etməsi normal yanaşma deyil. Ümumiyyətlə, bütün silahların İsrailin ayağına yazılmasını anlamaq olmur”.
Ekspertə görə, İran da Çindən "HQ-9" hava hücumundan müdafiə sistemləri alıb: “İranda bu məsələ təhlil edilsə, anlaşılan olardı. Təkcə İran yox, ümumiyyətlə, bütün ölkələr bir şeyi anlamalıdır ki, rəsmi Bakı bir ölkəyə bağlı silahlanma həyata keçirmir. Araşdırma, təhlil zamanı boşluq hiss olunursa, zəif yeri Azərbaycana silah satan ölkələrin içərisindən ən yaxşısını almaqla doldurmağa çalışır. Misal üçün, Ermənistan Fransadan "Sezar" haubitsası alandan dərhal sonra Azərbaycan Çexiyadan DİTA haubitsası aldı. Azərbaycan birinci İsrail və Türkiyənin silah bazarına baxmadı. "Sezar"a adekvat olacaq ən yaxşısı hansı idisə, məhz onu silahlanmasına qəbul etdi. Ona görə də İranda bəzi mətbuat orqanlarının bunları görməzdən gələrək sırf hər şeyi İsraillə bağlaması qərəzdən başqa bir şey deyil. SEPAH-a bağlı mətbuat orqanlarının bu cür qərəzi Azərbaycandan daha çox İrana zərər verir".
“Yeni Müsavat”
Xəbəri paylaş



























