“Bu rəqəmlərə görə cavabı kim verəcək?”
Bu gün, 14:16
Deputat Razi Nurullayev Milli Məclisin iclasında Hesablama Palatasının 2025-ci il hesabatı barədə çıxış edib.Musavat.com xəbər verir ki, deputatın sözlərinə görə, hesabat göstərir ki, problemlər var və sistemli şəkildə həllini gözləyir:
“6.7 milyard manatlıq vəsaitin audit olunması fonunda yüz milyonlarla manatlıq pozuntu, maliyyə təhrifləri və səmərəsiz xərclərin aşkarlanması onu deməyə əsas verir ki, dövlət maliyyəsinin idarə olunmasında olan boşluqlarla ciddi mübarizəni daha da gücləndirməliyik.
414,4 milyon manatlıq uyğunluq pozuntuları, 626,3 milyon manatlıq maliyyə təhrifləri və 342,9 milyon manatlıq səmərəsiz xərclər əslində ciddi həyacan siqnalıdır və Hesablama Palatasına səmərəli və sistemli işi üçün təşəkkürümü bildirirəm. Narahatedici məqam isə odur ki, 170,4 milyon manat birbaşa büdcəyə zərərdir və konkret məsuliyyət doğuran haldır”.
Razi Nurullayev ardınca deyib ki, amma ciddi sual da var:
“Bu rəqəmlərə görə cavabı kim verəcək? Hesabatlarda rəqəmlər var, amma konkret məsul şəxslərin adları və real hüquqi nəticələr cəmiyyətə açıq şəkildə təqdim olunmur. Mən bunu çox gözəl başa düşürəm və bilirəm ki, Bakı da bir günə tikilməyib. Zamanla hər şey düzələcək. Əsas odur ki, mərhələ-mərhələ də olsa biz irəliyə doğru ciddi addımlar atmaq istəyirik. 40,2 milyon manatlıq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi müsbət addımdır. Xüsusilə narahatlıq doğuran məqamlardan biri də 28,7 milyon manatlıq sosial ödənişlərlə bağlı qərardır. Bu vəsaitlərin bərpası istiqamətində konkret tədbir görülməməsi, əvəzində ödənişlərin dayandırılması qərarının verilməsi sosial baxımdan mübahisə doğuran məsələdir. Burada səhvin nəticəsinin vətəndaşın üzərinə qoyulması ab-havası yaranır”.
Deputat qeyd edib ki, dövlət vəsaitlərinin daha səmərəli idarə olunması üçün şəffaflıq, real hesabatlılıq və fərdi məsuliyyət mexanizmini gücləndirməliyik ki, bu rəqəmlər növbəti illərdə də təkrarlanmasın:
“Biz növbəti illər üçün pozuntuların aşkarlanması ilə yanaşı, konkret məsuliyyət, açıq hesabatlılıq və ictimaiyyətə təqdim olunan real nəticələr üzərində də ciddi şəkildə işləməliyik. Milyonlarla manatlıq pozuntuların sadəcə statistika olaraq qalmasını heç birimiz istəmərik”.
Xəbəri paylaş



























