“Sərhədlərin açılması və Ani körpüsünün bərpası…” – Ərdoğan və Paşinyan nələri müzakirə edib?
Bu gün, 11:49
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib. Liderlər Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini və əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər.Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hər iki ölkənin xarici işlər nazirlərinin də qatıldığı görüşdə normallaşma prosesinin irəlilədilməsinin vacibliyi və ikitərəfli əlaqələrə yeni təkan vermək niyyəti vurğulanıb.
Liderlər ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi, iş adamları arasında birbaşa təmasların qurulması və tarixi Ani körpüsünün birgə bərpası layihəsinin ardıcıl şəkildə icra olunmasını zəruri hesab ediblər.
Görüşdə regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Ərdoğan və Paşinyan Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olunmasının regionda əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildiriblər. Bu çərçivədə TRIPP proqramının reallaşdırılması və regional kommunikasiya xətlərinin açılması zərurəti qeyd olunub.

Görüşdən sonra Baş nazir Paşinyan sosial şəbəkə hesabında danışıqlardan qısa videoçarx paylaşıb.
Prezident Ərdoğan BMT kürsüsündən etdiyi çıxışda Türkiyə və Ermənistanın normallaşma prosesində irəliləyiş əldə etdiyini bildirərək, “Ölkəmiz ilə Ermənistan arasındaki əlaqələrin normallaşdırılması prosesi planlaşdırıldığı kimi gedir”, – deyə vurğulayıb.
Bu ayın əvvəlində Ermənistan Prezidenti Vahagn Xaçaturyan da ölkəsinin Türkiyə ilə sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması üçün zəruri addımları atdığını, sərhəd-keçid məntəqələrində infrastruktur işlərinin yekunlaşdığını bildirmişdi.
Qeyd edək ki, 30 ildən artıqdır diplomatik əlaqələri olmayan Ankara və İrəvan 44 günlük müharibədən sonra xüsusi nümayəndələr səviyyəsində dialoqa başlayıblar. Tərəflər ön şərt olmadan münasibətləri bərpa etməyə hazır olduqlarını bəyan etsələr də, Türkiyə tərəfi prosesin birbaşa Ermənistan-Azərbaycan sülh danışıqlarından asılı olduğunu dəfələrlə bəyan edib./azpolitika.info
Xəbəri paylaş

























