Ərdoğan Paşinyan görüşündən Bakının NƏFİ NƏ OLACAQ?

 
6-10-2022, 11:00            91 dəfə baxılıb
Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək. Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesinin müzakirəsi gözlənilir. Bundan başqa, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşlərinin üçüncü ölkələrdə, növbəli şəkildə Türkiyə və Ermənistanda keçirilməsi məsələsi nəzərdən keçiriləcək. Eyni zamanda tərəflərin regionda gərginliyin azaldılması, Zəngəzur dəhlizi və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını müzakirə edəcəyi gözlənilir.Əyalətmedia.az-ın məlumatına görə, gözlənilən görüşlə bağlı proqnozlarını "Şərq"lə bölüşən Türkiyədə yaşayan tanınmış politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib ki, Praqada Prezident Rəcəb Tayyib Ərdoğanla Baş nazir Nikol Paşinyan arasında baş tutacaq görüş olduqca mühüm və vacibdir. Professor vurğulayıb ki, çoxları pessimist yanaşsa da, bölgədə sülh və sabitliyin təmin olunması üçün belə təmasların, müzakirələrin olması çox önəmlidir:

"Türkiyə uzun müddətdir Ermənistanla sərhədləri bağlayıb və bütün əlaqələri kəsib. Buna səbəb Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, konkret 1993-cü ildə Kəlbəcərin işğal edilməsi olub. 44 günlük müharibədən, yəni Azərbaycanın öz torpaqlarını erməni işğalçılarından təmizləməsindən sonra Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşmasına mane olacaq amillər də aradan qalxmış sayılır. Amma burada bir məqam var. Türkiyənin Ermənistanla apardığı danışıqlar, əlaqələrin normallaşması istiqamətindəki müzakirələr rəsmi Bakı ilə koordinasiyalı şəkildə aparılır. Xüsusən, Şuşa bəyannaməsindən sonra Türkiyə və Azərbaycan bir çox məsələdə mütəmadi məsləhətləşmələr aparır və ortaq siyasət həyata keçirirlər. O mənada vurğulamaq lazımdır ki, Ankara-İrəvan əlaqələrinin düzəlməsi birbaşa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından xeyli asılıdır".
T.İsmayıl vurğulayıb ki, Türkiyə və Ermənistan arasında həlli vacib olan məsələlər də var: "Ermənilər qondarma "soyqırım" və Türkiyəyə ərazi iddiasından hələ də vaz keçməyiblər. Ərazi iddiaları Ermənistanın rəsmi sənədlərində, konstitusiyasında da əksini tapıb. Nə qədər qeyri-ciddi məsələ olsa da, bunlar aradan qalxmalıdır. Çünki ermənilər qondarma "soyqırım"dan siyasi məqsədlər üçün istifadə edirlər. O baxımdan Ankaranın bunlarla bağlı İrəvandan tələbləri olacaq. Ərdoğan-Paşinyan görüşünün baş tutması bir çox bürokratik əngəllərin də tədricən sıradan çıxması ilə nəticələnə bilər. Ümid edirik ki, görüşün reallaşması üçün hər hansı problem çıxmaz".







Xəbəri paylaş


 
 


Xəbər lenti