“Beyni işləmirsə, deputat olmasın...” - Elçin Şıxlı

 
11-07-2024, 13:41            128 dəfə baxılıb
Növbədənkənar parlament seçkilərinə çox az vaxt qalıb. Bu səbəbdən cəmiyyətdə seçki kampaniyası ilə bağlı müzakirə və mübahisələr səngimək bilmir. Çoxları parlamentin yeni tərkibində gənc, yeni simalar görmək istədiyini ifadə edir. Təbii ki, bu fikirlərlə razılaşmayan, əksini iddia edənlər də var.

Məsələni “Yeni Sabah”a şərh edən Azərbaycan Jurnalistlər Birlinin sədri Elçin Şıxlı Milli Məclisdə təcrübəli və cəsarətli şəxslərin olmasını daha məqsədəuyğun hesab edir:

“Ağıl yaşda deyil, başdadır. Bu söz deputatların cavan-qoca olmasına aiddir. Yaşı 70-dən çox olan şəxslərin deputat olmasına narazı olanlar çox rahat şəkildə bəyənmədikləri, yaşlı adamlara səs verməyə bilərlər. Bu onların hüququdur. Bu hüquqdan istifadə etmirlərsə, daha sonra donquldanmağa, deyinməyə heç bir əsas yoxdur. Bir də onu deyim ki, parlamentdə olan insanlar mütəxəssis olmalıdırlar. Çünki bu, qanunverici orqandır. Qanundan, hüquqdan anlayışı olan, qanun yaratma təcrübəsi olan, ən əsası da cəmiyyətdə tanınan insanlar bu orqanda fəaliyyət göstərməlidirlər ki, onların söz deməyə ən azı cəsarəti olsun”.

E.Şıxlı vurğulayıb ki, yaşın sözügedən mövzuda heç bir əhəmiyyəti yoxdur:

“Bizdə bir misal var. Deyirlər ki, dili də var, dilçəyi də. Deputat olmaq istəyən şəxs ən azından siyasətdən baş çıxarmalı, siyasətçi olmalıdır. Çünki parlament siyasətçilərin toplaşdığı bir yerdir. Nəhayətində isə cəsarətli şəxslərdən seçilməlidirlər ki, sözlərini deyə bilsinlər. Bir çoxları cavan, ortayaşlı, kariyerasını təzə quran insanlardır. Ola bilsin ki, hələ demək istədiklərini deyə bilməyəcəklər. Bəlkə də yanılıram, deyəcəklər. Amma hər halda parlamentdə yer alan, millətin vəkili olan insanın cəsarəti, dili olmalıdır. Yaşın da bu məsələdə heç bir əhəmiyyəti yoxdur. Çünki beyni işləyirsə deputat olacaq, əksinədirsə, oralara yaxın durmasa yaxşıdır”.









Xəbəri paylaş


 
 


Xəbər lenti