Aİ Gürcüstandan əlini çəkdi, Tiflisin Rusiyaya yaxınlaşmaqda məqsədi nədir? - AÇIQLAMA

 
11-07-2024, 14:00            107 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, ötən gün Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesi dayandırılıb. Eyni zamanda, ABŞ və Almaniya Gürcüstanla birgə hərbi təlimlərdən imtina edib. Aİ Gürcüstan hökumətinə ayırdığı 10 milyon avronu qeyri-hökumət təşkilatları və mediaya ayıracaq. 
Bundan sonrakı proses necə davam edəcək?
Əyalətmedia.az xəbər verir ki, bununla bağlı sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Qərbdən Gürcüstan hökumətinə təzyiqlər artır:
“Buna rəğmən, “Gürcü Arzusu” partiyası geri çəkilmir, qalmaqallı "Xarici agentlər" haqqında qanunu qəbul edərək seçkilərə gedir. Lakin fikrimcə, Gürcüstan hakimiyyətinin Qərblə əlaqələrinin zəifləməsi iqtisadiyyata mənfi təsir edəcək. Avropa İttifaqı və ABŞ Gürcüstana sanksiyaları seçkilərə kimi inkişaf etdirəcək”.
Politoloq bildirib ki, burada əsas məqsəd seçkilərdə hakim partiyanın qalib olmasının qarşısını almaqdır:
“Gürcüstan hakimiyyətinin anti-Qərb siyasəti birbaşa “boz kardinal” Bidzina İvanaşvilinin təlimatı əsasında həyata keçirilir. Görünür, rəsmi Tiflis Moskva ilə Abxaziya və Cənubi Osetiya məsələsində razılığa gəlməyə çalışır. Yəni Gürcüstan hakimiyyəti Qərbdən uzaqlaşaraq Abxaziya və Cənubi Osetiya üzərində suverenliyini bərpa edir, eyni zamanda Rusiyanın orbitinə daxil olur. Amma Moskva Abxaziya və Cənubi Osetiya məsələsində Tiflisə söz veribsə, bu, söz olaraq da qalacaq”.



Xəbəri paylaş


 
 


Xəbər lenti