“Tramp günahı Zelenskinin üstünə ata bilər” – Putindən “yox” cavabı alan Tramp nə edəcək?

 
19-11-2024, 11:28            102 dəfə baxılıb
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna ilə bağlı seçkidən əvvəlki ritorikası getdikcə dəyişməyə başlayır. Seçkidən əvvəl müharibəni hələ Ağ Evə qədəm qoymadan “24 saata bitirəcəyini” vəd edən Tramp indi daha ehtiyatlı danışır və sadəcə, “Rusiya və Ukrayna dayanmalıdır, biz bunun üzərində işləyəcəyik” deyir. Bu gedişat əvvəlki prezidentliyi dövründə də xarici siyasət məsələlərində hər hansı bir parlaq uğura imza atmayan Trampla bağlı ümidləri getdikcə zəiflədir…
İndi əsas sual budur ki, Tramp Ukraynada müharibəni dayandıracağına dair vədini yerinə yetirə biləcəkmi və tərəfləri razılığa gətirə bilməsə, hansı addımları atacaq?
“Financial Times” bu mövzuyla bağlı Ukraynanı heç də sevindirməyəcək proqnozla çıxış edib. Qəzet hesab edir ki, Tramp Ukrayna münaqişəsinə son qoya bilməməsinin günahını Volodimir Zelenskinin üzərinə ata və onu Rusiya Federasiyası ilə danışıqlarda güzəştə getməkdən imtina etməkdə günahlandıra bilər.
Henri Kissincer Qlobal Məsələlər Mərkəzinin Britaniyada yaşayan rus tarixçisi Sergey Radçenko “Financial Times”-a müsahibəsində qeyd edib ki, “köhnə-yeni” Amerika liderinin “Ukrayna Silahlı Qüvvələrinin cəbhədə uğur qazanmasını gözləmək üçün səbri tükənə bilər”. Radçenko hesab edir ki, Tramp münaqişənin nizamlıanması məsələsində Moskva ilə fikir ayrılığı yaşayacaq. Çünki Trampın seçilməsindən sonra Kreml heç də müharibə ilə bağlı mövqeyini yumşaltmayıb. Əksinə, hücumlar daha da şiddətlənib və müharibənin əvvəlindəki tələblər daha da sərtəşdirilib.
Qeyd edək ki, Putinin Almaniya kansleri Olaf Şoltsla telefon danışığından sonra Rusiyanın Odessaya və digər şəhərlərə kütləvi raket hücumları, onlarla dinc sakinin həlak olması, mülki infrastrukturun dağıdılması, eləcə də Sergey Lavrov və Dmitri Peskovun açıqlamaları bir daha Kremlin hər hansı güzəştə hazır olmadığını göstərir. Putinin müharibəni real, müstəqil Ukrayna dövlətçiliyinin aradan qaldırılmasına qədər davam etdirməkdə israrlı olduğunu bir daha təsdiqləyir. Dmitri Peskov hətta Kremlin münaqişənin hazırkı təmas xəttində dayandırılmasının belə qəti əleyhinə olduğunu açıq bəyan edib. Bütün bunlardan sonra Trampın Putini necə “yola gətirəcəyi”, Baydenin edə bilmədiyi nəyi edə biləcəyi böyük sual doğurur…
Bütün bunları nəzərə alan “Fiancial Times” Rusiya ilə danışıqlarda uğursuzluğa düçar olan Trampın məsuliyyəti Zelenskinin üzərinə atması variantını istisna etmir. Hətta qəzetə danışan Radçenkonun fikrincə, yeni Amerika Prezidenti “Rusiyanın qalib gəlməsinə imkan verərək Ukraynanı tərk edə bilər”.
Təəssüf ki, bu ssenari hər nə qədər acınacaqlı olsa da Qərbin bütünlükdə indiyə qədərki ikiüzlü siyasəti nəzərə alındıqda heç də utopik görünmür…




Xəbəri paylaş


 
 


Xəbər lenti