Ermənistanın sülh danışıqları yalnızı beynəlxalq ictimaiyyəti aldatmağa hesablanıb

 
29-11-2024, 11:36            92 dəfə baxılıb
Ermənistanın sülh danışıqları yalnızı beynəlxalq ictimaiyyəti aldatmağa hesablanıb.
Bunu açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.
O bildirib ki, reallıqda Ermənistanın sürətlə silahlanmasının şahidi oluruq.
“Bu məsələdə onların əsas havadarı olan Fransanı xüsusi qeyd etməliyik. Belə ki, Fransanın vasitəçiliyi ilə bəzi dövlətlərdən Ermənistana silah tədarük edilir. Bu da onu deməyə əsas verir ki, Ermənistan sülhə yox revanşa hazırlaşır. Əvvəllər beynəlxalq aləmi aldatmaq üçün bu silahların müdafiə xarakterli olduğunu bildirirdilər. Ancaq verilən silahlara nəzər salsaq görərik ki, bu silahlar müdafiə üçün nəzərdə tutulmayıb. Biz həmişə düşmənin arsenalında olan silahları qiymətləndirmək və onların araşdırılması ilə bağlı fəaliyyətlərin aparılmasını vurğulamışıq. Lakin düşünmürəm ki, bu silahlar Ermənistana hər hansısa kömək edəcək. Çünki İkinci Qarabağ müharibəsinə qədər Ermənistanın arsenalında kifayət qədər silah-sursat var idi. Lakin bu silahların onlara heç bir köməyi olmadı. Düşmən silahlanmanı sürətləndirəcəksə, Azərbaycan lazımı və zəruri tədbirləri həyata keçirdəcək. Bunun ağır nəticələrindən Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarları məsuliyyət daşıyacaq.”
Politoloq Rüfət Hüseynli isə bildirib ki, Qərbin Ermənistanın silahlanmasına verdiyi dəstək və bu vəziyyətin Cənubi Qafqazda gərginliyi artırması, müvafiq olaraq regionda sülhün pozulmasına və yeni müharibə ehtimalına səbəb ola bilər.
“Belə hallar, bölgədəki geosiyasi balansı təsir altına alır və bütün region üçün ciddi nəticələr doğura bilər.
Qərbin Ermənistanı silahlandırması, əsasən, Rusiya ilə olan münasibətləri zəiflətmək və bu ölkənin Cənubi Qafqazdakı təsirini azaltmaq məqsədi güdür. Bu strategiya, Qərbin regionda öz təsirini artırmağa çalışdığı bir zamanda, hərbi güc balansını dəyişdirə bilər və bu, hər iki tərəf üçün də strateji risklər yaradır.
Ermənistanın silahlanmasının Azərbaycanın maraqlarına təhdid kimi qiymətləndirilməsi təbiidir. Azərbaycan, xüsusilə son illərdə öz müdafiə qabiliyyətini gücləndirib və Cənubi Qafqazdakı bir nömrəli gücdür.
Əlavə olaraq, Ermənistanın silahlanması, regionda müharibə ehtimalını artıran bir faktor ola bilər. Silahların əldə edilməsi, tərəflər arasında qarşılıqlı etimadın azalmasına, gərginliyin artmasına və hərbi əməliyyatların yenidən başlama riskinə gətirib çıxara bilər.
Bu silahlanma prosesinin nəticələri yalnız Ermənistan, Azərbaycan üçün deyil, həm də geniş bir regional təsirə malikdir. Lakin Ermənistanın silahlanması Azərbaycan üçün təhdid deyil. Çünki ordumuz hər an düşmənin cavabını verməyə qadirdir. Bunu İkinci Qarabağ müharibəsində və ondan sonra keçirilən əməliyyatlarda sübut edib. Ermənistan bu dəfə də ölkəmizə qarşı hər hansı təxribata əl atarsa, onlar əvvəlkilərdən daha böyük itkilərlə üzləşəcək”, – deyə o qeyd edib.



Xəbəri paylaş


 
 


Xəbər lenti