İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...

 
Bu gün, 11:48            75 dəfə baxılıb

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana səfər edib. Məlumata görə, Əhmədian Cənubi Qafqaza regional səfəri çərçivəsində təhlükəsizlik diplomatiyası istiqamətində və siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədilə Azərbaycana səfər edib. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistana da səfər edəcək. İRNA-nın məlumatına görə, Əhmədian İrəvanda Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcək.

“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, yanvarın 8-də Prezident İlham Əliyev İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbulu zamanı xalqlarımızın çox sıx tellərlə bir-birinə bağlı olduğunu deyib, iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının vacibliyini vurğulayıb. Dövlət başçısı bildirib ki, ölkəmiz İran İslam Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir. İranda yeni prezident seçkilərindən sonra Azərbaycanın bir neçə yüksək səviyyəli nümayəndə heyətinin bu ölkəyə səfər etdiyi məmnunluqla xatırlanıb. Prezident Ermənistanın işğal dövründə mədəni və dini abidələrimizi təhqirə məruz qoyduğunu Əhmədianın diqqətinə çatdırıb. Görüşdə bildirilib ki, yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. İclas çərçivəsində dövlət başçıları tərəfindən qeyd olunan konkret layihələrin müzakirəsi baxımından əlverişli imkanın olacağına ümidvarlıq ifadə edilib.

Qeyd edək ki, İran Ali Milli Təhlükəsizlik Şurası əsas qərar qəbul edən mərkəzlərdən biridir. Qurum dövlətin müdafiə və təhlükəsizlik siyasətini formalaşdırmaq, təhlükəsizlik tədbirləri ilə bağlı siyasi, kəşfiyyat, sosial, mədəni və iqtisadi fəaliyyətləri əlaqələndirmək səlahiyyətinə malikdir. Təhlükəsizlik Şurasına hökumətin icra, qanunverici və məhkəmə qollarının başçıları, ordunun baş qərargah rəisi, xarici, daxili, kəşfiyyat nazirləri, eləcə də SEPAH rəhbərləri daxildir. 1961-ci ildə İranın Kirman şəhərində anadan olan Əhmədian hərbi karyerasına 1997-ci ilin avqustunda SEPAH dəniz qüvvələrinin komandanı kimi başlayıb. 2000-ci ilin iyulunda o, SEPAH-ın Birləşmiş Qərargah rəisi vəzifəsini tutdu və 2007-ci ilin sentyabrında onu briqada generalı Məhəmməd Hicazi əvəz etdi. Əhmədian işlədiyi müddətdə İmam Hüseyn İnqilab Keşikçiləri Universitetinin rəhbəri və İnqilab Keşikçiləri Korpusunun Strateji Araşdırmalar Mərkəzinin rəhbəri kimi mühüm vəzifələrdə də çalışıb. 2023-cü ilin mayında İran prezidenti İbrahim Rəisi general Əli Əkbər Əhmədianı ölkənin Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edib. Rusiya mediası onun haqda yazır ki, hicabın səhv geyindiyi iddia edilən gənc qızı polis öldürəndən sonra İranda kütləvi etirazların yatırmasında əsas rollardan birini Əhmədian üstlənib.

Onu da deyək ki, İranın son zamanlarda beynəlxalq arenada ritorikasını kəskin şəkildə yumşaltdığı müşahidə olunur. Bəzi ekspertlərin fikrincə, buna səbəb ABŞ-da Tehrana qarşı mövqeyi ilə bilinən Donald Trampın təkrar hakimiyyətə gəlməsidir. Belə ki, İran rəhbərliyi bu yolla Vaşinqtonla münasibətlərdə gərginliyin dərəcəsini azaltmağa çalışır. Çünki yanvar ayında Ağ Evdə yeni hökumət fəaliyyətə başladıqdan sonra gözlənilən ilk qərarlardan biri də Tehrana qarşı sanksiyaların artırılmasıdır. Trampın seçilməsi məlum olduqdan sonra daha da ehtiyatlı siyasət yeritməyə başlaması məhz buna hesablanmış addımlardır. İran rəsmisinin Trampın andiçməsindən əvvəl bölgəyə səfərində Azərbaycan və Ermənistandan hansı təminatları almaq istəyir?

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, iranlı generalın Bakıya səfəri Prezidentin bir gün əvvəl İranla bağlı səsləndirdiyi tənqidlərdən dərhal sonraya təsadüf edir. Q.Hüseynlinin fikrincə, bu səfərlə Tehranın münasibətləri yumşaltmaq cəhdi də ola bilər. “Xameneinin Ərdəbil nümayəndəsinin çərənləməsi göstərir ki, İranda dini rejimlə hökumət arasında bəzi baxış fərqləri var. Hökumət Azərbaycanla əlaqələri korlamaqda maraqlı görünmür. Lakin SEPAH bədxah əməllərini davam etdirir. İstisna etmirəm ki, Əhmədianın gəlişi gərginlik fazasının artmasına imkan verməməyə hesablanıb”, - deyə professor belə şərh edir. Onun sözlərinə görə, Bakıdan sonra İrəvana getməsi də İranın Azərbaycana diqqətidir. Q.Hüseynli TŞ katibinin Cənubi Qafqaz ziyarətini həm də regiondakı proseslərlə əlaqələndirir: “Amma onun Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı İrəvanın qulağına xoş gələcək fikirlər səsləndirməsini gözləyirəm. Daha əvvəl də Zəngəzur dəhlizi ilə bağlı İran tərəfinin açıqlaması yanlış anlaşılmışdı. Yəni Tehranın bu layihəyə münasibəti dəyişməyib və koridorun açılmasına qarşıdır. Ona görə Əhmədian Ermənistanda bu barədə bəyanatlar verə bilər. Eyni zamanda təhlükəsizliklə bağlı hansısa açıqlamaları gözlənilir. Məsələn, təəccüblənmərəm ki, "Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir" desin. Az əvvəl də belə bəyanatlar olmuşdu".

Politoloq Qərbin regionda təsirlərinin artdığını müşahidə edən İran, dost-qardaş saydığı Ermənistanın bu prosesdəki roluna görə ona “gözün üstə qaşın var” demir: “Avropa Birliyinin missiyasını bölgəyə gətirən Ermənistandır. ABŞ-la birgə hərbi təlimlər keçirən də Ermənistandır. Və bu güc mərkəzləri 40 ildən çoxdur ki, İranı sanksiya altında saxlayırlar. Ermənistanın isə bölgəyə bu qüvvələri yerləşdirməsinə Tehran susur. Ona görə böyük bir riyakarlığın şahidiyik. Əhmədian, görünür, bəzi dəqiqləşmələr aparmaq niyyətindədir. Elə olmasaydı, hər iki ölkəyə səfərlər etməzdi. Bu dəqiqləşdirmə əsasən Zəngəzur dəhlizi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, ABŞ-ın yeni lideri İrana aqressiyası ilə fərqlənir. Onun dövründə dəhlizin açılması baş tutarsa, İran və Rusiyasız gerçəkləşə bilər. Qərb sanksiya tətbiq etdiyi bu dövlətlərə logistika, nəfəslik vermək istəmir”.










Xəbəri paylaş


 
 


Xəbər lenti