Gəncə Dəmir Yolu Vağzalından NARAZILIQ - Vaxtında gəlsələr də qatara BURAXILMADILAR
10-10-2025, 14:17

Sərnişin Araz Mahmudov Azərbaycan Dəmir Yollarının (ADY) xidmətindən ciddi narazılığını sosial şəbəkədə ifadə edib.
Ajans.az xəbər verir ki, o, Göygöldən Gəncə Dəmir Yol Vağzalına Bakı istiqamətinə getmək üçün vaxtında çatmasına baxmayaraq, qatara buraxılmadığını bildirib. Özü ilə birgə onlarla adamın qatara minə bilmədiyini qeyd edib.Sərnişinin sözlərinə görə, 18:44- hərəkət edəcək qatar üçün 18:30-da vağzala çatıb:
"Perona çıxdım, qatar yox idi. Sonra elan verdilər ki, Ağstafa–Bakı qatarı gəlir. Amma yenə də peronda heç nə görünmürdü. Bir neçə dəqiqə sonra öyrəndim ki, qatar 100 metr solda dayanıb. Qaçdım, vaxt da hələ var idi. Amma orada lent çəkib dayanmış bir əməkdaş dedi ki, qeydiyyat qurtarıb".
Araz Mahmudov qeyd edib ki, Azərbaycan Dəmir Yollarının belə “qeydiyyat” sistemi başa düşülən deyil və bu praktika beynəlxalq standartlara uyğun gəlmir:
"İllərdir xaricdə qatarla səyahət edirəm. Bilet və sənəd həmişə qatar daxilində yoxlanılır. Qatar göz önündə ola-ola buraxmamaq nə səmərəsiz praktikadır? Gündə iki dəfə qatar gedir, onu da düzgün idarə edə bilmirlər".
O, həmçinin vağzalda sərnişinlər üçün məlumatlandırma və istiqamət lövhələrinin olmadığını, monitorların işləmədiyini bildirib.
Xəbəri paylaş



























