Rəsul Quliyevin bağ evini 5 milyona satdığı doğrudur?-Açıqlama gəldi
18-12-2025, 13:07
Amerikada yaşayan Milli Məclisin sabiq sədri Rəsul Quliyevin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesində yerləşən torpaq sahəsini satdığı barədə xəbərlər yayılıb. Onun bağ sahəsini 5 milyon manata satdığı bildirilir. Bu barədə ilk məlumatı Teleqraf.az saytı məlumat yayıb.Məlumat üçün bildirək ki, həmin torpaq sahəsi ətrafında uzun illər idi ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudası Qalib Salahzadə ilə R.Quliyev arasında məhkəmə çəkişməsi gedirdi.
R.Quliyevin Azərbaycandakı rəsmi nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu yayılan xəbərlərlə bağlı Musavat.com-a açıqlama verib:
“Əslində, mübahisəli olmayan həmin bağ sahəsi ilə bağlı 2008-ci ildən məhkəmə prosesi başlayıb və 2010-cu ilin əvvəllərində Ali Məhkəmənin qərarı ilə qarşı tərəfin mübahisələrinə son qoyulub. Quliyevlər ailəsi Ali Məhkəmənin qərarı ilə haqlı tərəf hesab olunaraq, qalib kimi tanınıb. Ondan bu yana heç bir məhkəmə prosesi keçirilməyib. 2017-ci ilə qədər mətbuatda adı hallanan bağ sahəsi bizim istifadəmizdə olub. Həmin ildə bütün Bilgəh torpaqlarını zəbt edən, gözü doymayan 33 qat Həci yenidən bizim bağı məhkəmə qərarı olmasına baxmayaraq, çıxarışlara məhəl qoymadan zəbt edib. 2021-ci ildə onu yenidən oradan çıxarıb uzaqlaşdırdılar. O gündən də bu günə həmin bağ sahəsi Quliyevlərdə olub. İndi də onların nəzarətindədir. Bu şəxs hər dəfə həqiqətdən uzaq açıqlamalar verir. Gah ərazinin 25 milyon olduğunu deyir, gah da hansısa dövlət məmurlarının adını hallandırır. Hörmətli general polkovnikin, eləcə də, iş adamının adını hallandırır.
Başqa vəzifəli şəxsin də adını qeyd edir. Ağır ittihamlar hörmətli Quliyevə qarşı səsləndirir. İndi də bir başqa şayiə yayır. Guya beş milyon dollara yaxud manata bağ satılıb. Bağ bu dəqiqə də bizim nəzarət altındadır. Kiminsə özünə ev, maşın almasının yaxud satmasının cəmiyyət üçün o qədər də önəm kəsb etmədiyini düşünürəm. Bunu şəxsi həyata müdaxilə kimi qiymətləndiririk. Burada gündəmdə olan vacib məsələləri arxa plana keçirmək məqsədi açıq hiss olunur. Bu məkrli plan baş tutmayacaq. Hazırda dövlət çevrilişinə cəhd ittihamı ilə uğurlu əməliyyat keçirildiyi bir vaxtda Salahzadənin bu tip məişət səviyyəli məsələni gündəmə gətirməsinin nə olduğunu sadəcə anlamır. Biz satdıq-satmadıq, bunun kimə nə dəxli var? Satılarsa, tərəfimizdən buna ehtiyac olsa məlumat veriləcək. Kiminsə əsası olmayan, qeybət xarakterli fikirlərini şərh etmək doğru olmazdı. Satılacağı halda dediyim kimi ehtiyac olarsa, sahibi tərəfindən məlumat veriləcək. Bu xəbərin heç bir məntiqi əsası mövcud deyil. Bir sözlə bu bizim şəxsi işdir. Nə vaxtsa satarıqsa da bu qərar bizə aid olacaq, satmarıqsa da həmçinin”.
Musavat.com
Xəbəri paylaş



























