Türkiyədə bıçaqlanan keçmiş Azərbaycan federasiya prezidentinin cinayət işi ilə bağlı şahiddən şok ifadə: “Əvvəlcədən düşmənçilik var idi”

 
13-01-2026, 12:57           
Antalya şəhərinin Kəmər rayonunda Azərbaycan Muaythai Federasiyasının keçmiş prezidenti Araz Musayevin bıçaqlanması ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Patrul.az xəbər verir ki, 6 təqsirləndirilən şəxsin mühakimə olunduğu iş üzrə keçirilən iclasda hadisə şahidi qismində Şəhriyar İsayev dindirilib. O, hadisə günü Araz Musayevlə birlikdə olduğunu bildirib.
Ş.İsayev ifadəsində deyib ki, Muaythai məşqçisidir və Araz Musayevin heç vaxt kiməsə haqsızlıq etdiyini görməyib:
“Hadisə anında görüntülərdə Araz Musayevin qarşısında olan şəxs mən idim. Araz Musayev mənə ‘məni vurmaq istəyirlər’ dedi və az sonra hücum baş verdi. Antalyaya iki ayrı komanda kimi gəlmişdik. Dövlət xətti ilə yox, Araz Musayevin şəxsi vəsaiti hesabına Türkiyədə keçirilən turnirə qatılmışdıq. Digər komanda kikboksinq və Muaythai idmançılarından ibarət idi. 2024-cü ilin avqust ayından etibarən Araz Musayevə qarşı prezidentlik məsələsinə görə düşmənçilik mövcud idi. Bu, Azərbaycanda hər kəsə məlumdur”.
media-inshot_20260113_083559892
Xatırladaq ki, hadisə 28 may tarixində saat 15:00 radələrində Kəmər rayonunun Göynük məhəlləsində yerləşən Atatürk İdman Zalının qarşısında baş verib. Araz Musayev Türkiyəyə IFMA U23 Elit Senior Muaythai Dünya Çempionatında iştirak üçün gəlmişdi.
Təhlükəsizlik kameralarının görüntülərinə əsasən, Musayevə əvvəlcə yumruqlarla, daha sonra isə qarın və boğaz nahiyəsindən bıçaq zərbələri endirilib. Hadisədən sonra ona idman zalında ilkin tibbi yardım göstərilib və Kəmər Dövlət Xəstəxanasına aparılıb.
media-inshot_20260113_083435045
İstintaq zamanı hücumun təhrikçisi olduğu iddia edilən Azərbaycan vətəndaşı Azər Həsənov Kemerdə saxlanılıb. Müəyyən edilib ki, hücumda iştirak edən Özbəkistan vətəndaşları AR və KK, eləcə də Azərbaycan vətəndaşları Eynulla Babazadə, Məhəmməd İznauprviç Qaytaev, Fuad Babayev və Rəşad Səlimov hadisədən sonra icarəyə götürülmüş avtomobillə ərazini tərk edərək paltarlarını dəyişib, daha sonra Antalya Hava Limanına yollanıblar.
AR və KK hava limanında saxlanılıb. Rusiyaya qaçdığı müəyyən edilən Eynulla Babazadə barəsində İnterpolun qırmızı bülleteni elan edilib və o, Rusiya hava limanında tutulduqdan sonra Türkiyəyə gətirilib.
Araşdırmalar zamanı Fuad Babayev və Rəşad Səlimovun tanınmamaq üçün saçlarını qırxdıqları və paltarlarını dəyişdikləri, daha sonra hava limanında saxlanıldıqları məlum olub. Qaçaq vəziyyətdə olan Məhəmməd İznauprviç Qaytaev də istintaq qruplarının keçirdiyi əməliyyat nəticəsində tutulub. Cinayət işi çərçivəsində Vüqar Əsədov da saxlanılıb.
İstintaqın yekununda Azər Həsənov, Eynulla Babazadə, Elşən Əbdülrəhimov, Fuad Babayev, Rəşad Səlimov və Vüqar Əsədov barəsində “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə həbs qətimkan tədbiri seçilib. “Təhrik” ittihamı ilə mühakimə olunan Azər Həsənov, Elşən Əbdülrəhimov və Vüqar Əsədov əvvəlki məhkəmə iclasında məhkəmə nəzarəti altına buraxılıblar.
Son iclasda məhkəmə heyəti Eynulla Babazadə, Fuad Babayev və Rəşad Səlimovun həbs qətimkan tədbirinin davam etdirilməsi, Vüqar Əsədov, Azər Həsənov və Elşən Əbdülrəhimov barəsində isə məhkəmə nəzarəti tədbirlərinin saxlanılması barədə qərar qəbul edib. Məhkəmə prosesi təxirə salınıb.
media-inshot_20260113_083724669
Mənbə: DHA



Xəbəri paylaş


 
 


Xəbər lenti