Cəlilabad Məhkəməsində rəzalət: Məmurun cinayət əməlinin təkzibini vətəndaşdan tələb edirlər
28-02-2026, 11:11
TEREF yazır ki, Cəlilabad rayon Muğan kənd sakini Ağayev Tərlan Abasqulu oğlu redaksiyamıza şikayət edərək bildirib ki, yaşadığı kəndin keçmiş icra nümayəndəsi (hazırda vəzifəsindən uzaqlaşdırılıb) Həsənov Rövşən Allahverdi oğlunun və onun yaxın qohumlarının qanunsuz əməllərindən yuxarı təşkilatlara etdiyi şikayətlərə görə o, Rövşən Həsənov tərəfindən Cəlilabad rayon Məhkəməsinə verilib və cərimə edilib. Onun sözlərinə görə, hələ cərimə azmış kimi ondan təkzib də tələb olunur:“Mənim müraciətimdə qeyd etdiyim qanunsuzluqların araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları məktubda göstərdiyim məlumatları araşdırıb rəsmi sənədlər tərtib edərək təstiq etdilər ki, həqiqətən də Rövşən Həsənov və yaxın qohumları (atası, əmisi və qardaşları) qanundan kənar olaraq Rövşən Həsənova arxalanaraq, qanunlarımızı kobud şəkildə pozub, qanunsuz əməllər törədiblər.
Eyni zamanda, Cəlilabad rayon purokurorluğu Rövşən Həsənovun qanunsuz əməllərini araşdırıb, saxta vərəsəlik arayışı tərtib edərək, cinayət əməli törətdiyi və onun əməlində CM-313-cü maddənin tərkib halının mövcud olduğunu təsdiq edən qərar qəbul etdi”.
T.Ağayevin redaksiyamıza təqdim etdiyi həmin sənəddə ilginc faktlar ortaya çıxır və sənədin həmin hissəsini oxuculara təqdim edirik:
“Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cəlilabad RİHB-in Muğan kənd İƏD üzrə nümayəndəsi Həsənov Rövşən Allahverdi oğlu vəzifəli şəxs olaraq nənəsi Həsənova Xavər Abas qızı tərəfindən əri Həsənov Xudaşükür Cəbi oğlunun ölümündən sonra sonuncuya məxsus miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə şərait yaratmaq üçün 05 mart 2010-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 5.1.9-cu maddələrinin (ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayışlar vermək) tələblərini pozaraq sair şəxsi niyyətlə Notariat kontoruna təqdim edilməsi üçün tərtib etdiyi rəsmi sənəd sayılan 05 mart 2010-cu il tarixli, 354 nömrəli arayışa bilə-bilə Həsənova Xavər Abas qızına Həsənov Xudüşükür Cəbi oğlunun ölümündən sonra sonuncunun yeganə vərəsəsi olması və Xudaşükür Həsənova məxsus miras əmlakın Xavər Həsənova tərəfindən idarə edilməsi barədə məlumatlar daxil etməklə vəzifə saxtakarlığı cinayət əməlini törətmişdir. Bununla da, aparılmış araşdırma zamanı Həsənov Rövşən Allahverdi oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir”.
Tərlan Ağayev deyib ki, şikayətinə görə Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən ona rəsmi qaydada cavab verilərək bildirib ki, Rövşən Həsənov barəsində qəti iltizam tədbiri görülüb:
“Yəni bildirmək istəyirəm ki, mənim Cənab Prezidentə və aidiyyatı yuxarı orqanlara yazdığım rəsmi məktubda qeyd etdiyim bütün qanunsuz əməllər araşdırılaraq, dövlət orqanlarının rəsmi sənədləri ilə təsdiq olundu. Buna baxmayaraq Rövşən Həsənov öz müdürünün himayədarlığı ilə məni susdurmaq üçün məhkəməyə verərək iddia etdi ki, guya rəsmi məktubda yazdıqlarımla onun işgüzar nüfuzuna xələl gətirmişəm, şərəf və ləyaqətin alçaltmışam. Buna görə ona təzminat ödəməliyəm və eyni zamanda Cənab Prezidentə və aidiyyatı yuxarı orqanlara ünvanladığım rəsmi məktubda yazdığım məlumatları yazdığım kimi də təkzib etməliyəm”.
Şikayətçi deyib ki, məhkəmə prosesi zamanı o, hakim Elxan Əmirəliyevə dövlət orqanlarının Rövşən Həsənovun saxtakarlığını ifşa edən sənədləri təqdim etsə də, hakim onları görməzdən gəlib:
“İddia ərizəsində Rövşən Həsənov məndən 5 min manat təzminat və təkzib tələb edirdi. Cəlilabad rayon Məhkəməsinin işə baxan hakimi Elxan Əmrəliyevə həmin sənədləri təqdim etsəm də təəssüf ki, Elxan Əmrəliyev Azərbaycan Respublikasının dövlət orqanlarının rəsmi qanuni qüvvədə olan sənədlərinə heç bir məhəl qoymayaraq, dövlətmizə çox böyük hörmətsizlik edərək, hansısa maraq və sifariş əsasında çox ədalətsiz və respublikamızın nüfuzunu və imicini zədələyən qətnamə çıxardı. Qərara əsasən mən 500 manat cərimə edilməklə, yazdıqlarım barədə təkzib verməliyəm. Hazırda təzminatın 400 manatını ödəmişəm, 100 manat təzminat və əlavə olaraq 100 manat da dövlət rüsumuna görə borcum qalıb. Onu da ödəyəcəm”.
Tərlan Ağayev deyib ki, sifarişli məhkəmə qərarı ilə cərimə edilməyini başa düşür, amma ondan bu azmış kimi Rövşən Həsənovun cinayət əməllərini ifşa edən sənədlərinə görə o necə təkzib verə bilər?! Deməlidir ki, Cəlilabad rayon Prokurorluğunun Rövşən Həsənovla bağlı apardığı araşdırmanın nəticəsi əsassızdır?
“Qərarın qanunsuz və ədalətsiz olmağına baxmayaraq təzminat hissəsini yarıdan çoxun ödəmişəm və cəmi 200 manat qalıb, onu da ödəyəcəm. Amma məni ən çox yandırıb-yaxan budur ki, təkzib verilməsi hansı vicdana, ədalətə, hansı dövlətin, respublikanın qanunlarına əsasən məndən tələb olunur?! Mənim Rövşən Həsənovun saxtakarlığı ilə bağlı şikayət məktubumda qeyd etdiyim məlumatlar dövlət orqanları tərəfindən araşdırılıb və rəsmi sənədlər əsasında təsdiq olunub. Mənim nə ixtiyarım, nə də ki, haqqım, hüququm çatmır ki, dövlət orqanlarının tərtib etdiyi rəsmi sənədlərin əsassız və yalan ulduğunu əks etdirən təkzib ərzəsi yazım.
Bu gün Cəlilabad rayon Məhkəməsi və icra probasiya şöbəsi məndən zorla tələb edirlər ki, dövlətin, dövlət orqanlarının tərtib etdiyi sənədlərin əsassız və yalan olduğuyla bağlı təkzib ərizəsi yazım. Bir sözlə, məni bu şəkildə “sındırıb” susdurmaq istəyirlər ki, başqalarına da dərs olsun”.
Tərlan Ağayev deyib ki, onun şikayətindən sonra Muğan kənd inzibati dairəsi üzrə icra nümayəndəsi işləyən Rövşən Həsənov vəzifəsindən də uzaqlaşdırılıb. Lakin bir ay sonra hansısa sehirli əllər onu Cəlilabad rayon Kürdlər kənd inzibati dairəsi üzrə icra nümayəndəsi təyin edib. O, deyib ki, bütün bu olanlar bir məmurun vəzifə saxtakarlığı etdiyinə bəs etmirmi?! Tərlan Ağayev məsələsinin ictimailəşdirilməsi və ona kömək edilməsi üçün media orqanlarından və ölkə başçısından kömək istəyib.
Tərlan Ağayev
TEREF




Facebook-da paylaş
Xəbəri paylaş



























