Analitik Ekspertiza Mərkəzi pozuntu aşkarlanan klinikaları necə qoruyur?

 
3-04-2026, 10:32           
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin yaydığı son məlumat bir daha əvvəlki müzakirələri gündəmə gətirdi - pozuntular var, cərimələr var, amma adlar yoxdur.
Bizimesr.az bildirir ki, rəsmi açıqlamaya görə, 2026-cı ilin mart ayında 29 yoxlama aparılıb, 26 protokol tərtib olunub və müxtəlif qanun pozuntuları aşkarlanıb. Bu pozuntular arasında lisenziyasız fəaliyyət, sertifikasiyasız tibbi xidmət, hətta mənşəyi məlum olmayan və qeydiyyatdan keçməmiş dərman vasitələrinin dövriyyəsi kimi kifayət qədər ciddi hallar da var. Yəni söhbət sıradan texniki xətalardan yox, insanların sağlamlığına birbaşa risk yaradan fəaliyyətlərdən gedir.
Amma əsas problem başqadır, bu qədər ciddi pozuntular aşkarlanır, lakin həmin pozuntulara yol verən klinikaların, obyektlərin və ya şəxslərin adları açıqlanmır. Yenə yalnız rəqəmlər paylaşılır, ümumi statistika verilir və məsələ bununla yekunlaşır.
Bu yanaşma artıq uzun müddətdir davam edir və tənqid olunur. Çünki ictimaiyyət üçün ən vacib məsələ konkret olaraq hansı klinikanın, hansı həkimin və ya hansı obyektin qanunsuz fəaliyyət göstərdiyini bilməkdir. Əks halda, bu məlumatlar vətəndaş üçün praktik heç bir dəyər daşımır. İnsanlar yenə də bilmədən riskli yerlərə müraciət edə bilər.
Əgər pozuntu təsdiqlənərək protokol tərtib olunubsa və cərimə tətbiq edilibsə, deməli fakt mövcuddur. Belə olan halda adların gizli saxlanması nəyə xidmət edir?
Bu selektiv yanaşma daha çox müəyyən maraqların qorunması təəssüratını yaradır. Çünki cəmiyyətdə belə bir fikir formalaşıb ki, bəzi obyektlərin adları bilərəkdən açıqlanmır, bəziləri isə zaman-zaman mediaya ötürülür. Nəticədə ortaya belə bir mənzərə çıxır: ciddi qanun pozuntuları var, amma ictimai nəzarət mexanizmi faktiki olaraq işləmir. Çünki məlumat yarımçıq verilir. Statistik açıqlamalar isə problemi gizlətmir, sadəcə detalları örtür.
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanovdur...





Xəbəri paylaş


 
 


Xəbər lenti