“MedAura”nın köhnə günahları, yeni adı
4-04-2026, 14:29
Səhiyyə sektorunda etimad ən həssas və ən vacib amillərdən biridir. Lakin son dövrlər adı müxtəlif qalmaqallarda hallanan tibb müəssisələrinin sadəcə ad dəyişməklə yenidən fəaliyyətə qayıtması cəmiyyətdə ciddi narahatlıq doğurur. Vaxtilə “Nihat Klinika”, daha sonra isə “MedAura Klinika” MMC kimi fəaliyyət göstərən müəssisənin indi “28 Medikal Center” adı ilə bazara qayıtmağa hazırlaşdığı bildirilir. Rəsmi məlumatlara görə, 2010-cu ildə qeydiyyatdan keçmiş bu qurumun nizamnamə kapitalı cəmi 20 manat təşkil edir. Eyni zamanda, Dövlət Vergi Xidmətinin məlumatında müəssisənin 240 min manatdan artıq vergi borcunun olduğu qeyd olunur. Mediatvaz.com bildirir ki,bu faktların özü belə suallar doğurur: yüksək maliyyə öhdəlikləri olan və fəaliyyətində problemlər iddia edilən bir qurum necə olur ki, yeni ad altında yenidən fəaliyyətə başlamağa cəhd edir? Məsələnin daha ciddi tərəfi isə kadrlarla bağlıdır. Rəsmi və açıq mənbələrdə yer alan məlumatlara görə, 25 oktyabr 2019-cu ildə klinikada estetik əməliyyat olunan, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziya tətbiq edildikdən sonra həyatını itirib. Bu hadisə uzun müddət ictimai müzakirə mövzusu olmuşdu.Bununla yanaşı, 2024-cü ilin aprel ayında paytaxt sakini Lətafət Məmmədovanın əməliyyatdan sonra səhhətində ciddi problemlərin yarandığı bildirilir. Eyni ayın 30-da isə Nigar İlham qızı Budaqlının burun əməliyyatı zamanı komaya düşməsi ilə bağlı məlumatlar yayılıb.
Sonuncu hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladıldığı, lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi açıldığı qeyd olunur.Bu hadisələrin hər biri ayrıca araşdırılmalı faktlardır. Lakin onların eyni klinikanın fəaliyyəti fonunda xatırlanması cəmiyyət üçün haqlı suallar doğurur: bu qədər ciddi iddialar fonunda həmin tibb müəssisəsinin fəaliyyətinə necə qiymət verilir?
Klinikanın fəaliyyətində adı hallanan şəxslərdən biri də – estetik və rekonstruktiv cərrah kimi təqdim olunan Mirəzım Zaidovla bağlı da mübahisəli məqamlar mövcuddur. Açıq mənbələrdə yer alan məlumatlara görə, onun adı Səhiyyə Nazirliyinin plastik cərrahiyyə əməliyyatlarını icra etməyə icazə verilən mütəxəssislər siyahısında görünmür.Bu isə belə bir sualı gündəmə gətirir:Mirəzım Zaidov həmin sahədə fəaliyyətini hansı hüquqi əsasla həyata keçirilir?Səhiyyə sahəsində fəaliyyət göstərən hər bir mütəxəssisin ixtisası, lisenziyası və hüquqi statusu şəffaf və yoxlanıla bilən olmalıdır. Əks halda, bu, yalnız qanunvericiliyin pozulması deyil, eyni zamanda insan sağlamlığı üçün ciddi risk deməkdir. Digər tərəfdən, illərdir müxtəlif iddialarla gündəmə gələn bir müəssisənin sadəcə ad dəyişməklə məsuliyyətdən yayınmağa çalışması ehtimalı da ictimai narahatlığı artırır. Çünki ad dəyişir, amma suallar eyni qalır. Sonda bir məqam dəyişməz qalır: səhiyyə sahəsində fəaliyyət göstərən hər bir qurum və hər bir həkim cəmiyyət qarşısında məsuliyyət daşıyır. Bu məsuliyyət isə yalnız ad dəyişməklə yox, şəffaflıq və qanunlara riayət etməklə təmin oluna bilər.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Davamı var
Xəbəri paylaş



























