Xətai “tikinti bazarı”na çevrilir: buna kim dur deyəcək?-VİDEO
9-04-2026, 11:03
Xətai rayonu ərazisində qanunsuz tikintilərlə bağlı növbəti qalmaqallı iddialar gündəmə gəlib. Söhbət Səməd bəy Mehmandarov küçəsi 20 ünvanında dəmir konstruksiyalardan ibarət obyektin sürətlə inşa olunmasından gedir. Məsələ burasındadır ki, bu tikintinin heç bir rəsmi icazəsi olmadan aparıldığı bildirilir.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi-nin rəsmi məlumat bazasında aparılan araşdırma zamanı qeyd olunan ünvanda hər hansı tikinti ilə bağlı icazə sənədinə rast gəlinməyib. Bu isə obyektin qanunsuz şəkildə inşa edildiyi ehtimalını daha da gücləndirir. Mövcud qaydalara görə, istənilən tikinti layihəsi müvafiq qurumların təsdiqindən keçməlidir. Əks halda belə fəaliyyət qanun pozuntusu hesab olunur və məsuliyyət yaradır. Mediatvaz.com-a daxil olan məlumatlara görə, obyekt formal olaraq başqa şəxsin adına sənədləşdirilsə də, arxasında dayanan əsas fiqurun Rafiq Quliyev olduğu iddia edilir. Bu isə artıq sadə qanun pozuntusu yox, açıq-aşkar vəzifə səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirilə bilər. İddialar bununla da bitmir. Bildirilir ki, Rafiq Quliyevin rayon ərazisində 40-dan çox belə obyekti mövcuddur və onların böyük əksəriyyəti icarəyə verilib. Əgər bu faktlar doğrudursa, ortaya çox ciddi suallar çıxır: Dövlət vəzifəsində olan şəxs necə olur ki, bütöv bir rayonu şəxsi biznes meydanına çevirə bilir? Ən narahatedici məqam isə odur ki, bu tip qanunsuz tikintilər təkcə şəhərsalma qaydalarının pozulması deyil, həm də vətəndaşların hüquqlarının tapdanması deməkdir. Qanun hamı üçün eyni deyilsə, bəs ədalət haradadır? Aidiyyəti qurumlar niyə susur? Niyə bu qədər açıq iddialar fonunda hər hansı araşdırma aparıldığı görünmür? Yoxsa “toxunulmaz” məmur anlayışı hələ də qüvvədədir? Artıq sual açıqdır, qanun işləyəcək, yoxsa məmur maraqları yenə üstün tutulacaq?Qarşı tərəfin cavab haqqını tanıyırıq
Xəbəri paylaş



























