Lökbatanda qanun tapdanır: “İCAZƏSİZ İCAZƏ” verən kimdir?
12-04-2026, 12:18
Qaradağ rayonu Lökbatan qəsəbəsi, Musəvi küçəsi 1 ünvanında baş verənlər bir daha göstərir ki, bəzi məmurlar üçün qanun hələ də kağız üzərində qalır. Vaxtilə qanunsuzluqlara görə vəzifədən uzaqlaşdırılan sabiq icra başçısı Süleyman Mikayılovun dövründə baş verənlərdən dərs çıxarılmadığı açıq-aydın görünür. Əksinə, bu gün eyni ssenari yeni adlar və yeni “himayədarlar” ilə davam edir. Əldə olunan məlumatlara görə, sözügedən ünvanda heç bir icazəverici sənəd olmadan qanunsuz artırma işləri aparılır. Maraqlıdır, bütün ölkədə tikinti nəzarəti sərtləşdirildiyi halda, Qaradağda kimlər və hansı maraqlar naminə qanunu bu qədər açıq şəkildə tapdalayır? Daha da düşündürücü məqam isə odur ki, bu prosesin arxasında məhz icra hakimiyyətində təmsil olunan şəxslərin dayanması iddia olunur. Bir vaxtlar qanunsuz əməllərə görə icra başçısının müavini və digər əməkdaşların həbs olunması cəmiyyətə bir mesaj idi, qanun qarşısında hamı bərabərdir. Amma görünən odur ki, bu mesaj bəzi dairələrə ya çatmayıb, ya da bilərəkdən görməzdən gəlinir. İndi isə icra başçısının səlahiyyətlərini icra edən şəxsin bu qanunsuzluqlara göz yumduğu, hətta “yaşıl işıq” yandırdığı barədə ciddi iddialar var. Sual açıq qalır, tikintilərə nəzarət qurumları hara baxır? Niyə qanunsuz tikinti işlərinə dərhal müdaxilə edilmir? Əgər bu gün açıq-aşkar qanun pozuntusuna “icazə” verilirsə, sabah daha böyük özbaşınalıqların qarşısını kim alacaq? Əgər bu qanunsuzluqlara indi “dur” deyilməzsə, sabah daha böyük özbaşınalıqlar qaçılmaz olacaq. Qanun hamı üçün işləməlidir – əks halda məsuliyyət gec də olsa qaçılmazdır.Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com
Xəbəri paylaş



























