Qubadlıda tikinti biabırçılığı: “Amal Group” suallar qarşısında

 
Bu gün, 10:46           
Qubadlının Mahrızlı kəndindən yayılan görüntülər artıq təkcə narazılıq deyil – açıq ittihamdır. İnsanlar illərlə gözlədikləri doğma torpaqlara qayıdışın qarşılığında bu cür mənzərə ilə üz-üzə qalırsa, burada kiminsə ciddi məsuliyyəti var.Sosial şəbəkədə yayılan videoda sakin açıq şəkildə bildirir ki, hər ev üçün 180 min manat ayrılıb. Bu, Azərbaycanın bölgələri üçün kifayət qədər böyük büdcədir. Amma ortaya çıxan nəticə biabırçı vəziyyətdədir: keyfiyyətsiz tikililər, yarımçıq işlər, standartlara cavab verməyən evlər, pəncərələrin az qala torpaq səviyyəsində yerləşdirilməsi. Bu artıq sadəcə “nöqsan” deyil – açıq-aşkar səhlənkarlıq və ya daha ağır ehtimallar deməkdir.Bu işlərin icraçısı olan “Amal Group” MMC isə bu mənzərənin birbaşa məsuliyyət daşıyıcısı kimi görünür.
 
Əgər şirkət doğrudan da bu layihəni həyata keçiribsə, o zaman ortaya çıxan nəticə onların peşəkarlıq səviyyəsini ciddi şəkildə sual altına alır. Bu qədər vəsaitlə bu cür keyfiyyətsiz iş ortaya qoymaq ya səriştəsizlikdir, ya da vəsaitlərin təyinatı üzrə xərclənməməsi ilə bağlı çox ciddi şübhələr yaradır. Ən təhlükəlisi isə budur: Qarabağda aparılan bərpa-quruculuq işləri ölkənin strateji və həssas layihələridir. Belə bir sahədə bu cür “iş görmək” təkcə bir şirkətin problemi deyil – bu, dövlətə və cəmiyyətə qarşı məsuliyyətsiz yanaşmadır. Əgər “Amal Group” MMC bu işin öhdəsindən gələ bilmirdisə, niyə bu layihə ona həvalə olunub? Əgər bacarırdısa, niyə nəticə bu qədər acınacaqlıdır?Bu suallar cavabsız qaldıqca, hər yeni görüntü ictimai qəzəbi daha da artıracaq. Burada artıq izah yox, konkret araşdırma, məsuliyyət və nəticə tələb olunur. Susmaq bu vəziyyətdə ən böyük günahdır.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
 Mediatvaz.com








Xəbəri paylaş


 
 


Xəbər lenti