Hesablama Palatasının sədrindən sensasion faktlar
Bu gün, 14:09
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Milli Məclisin plenar iclasında çıxış edib.Musavat.com-un məlumatına görə, o bildirib ki, qanunçuluq, obyektivlik, şəffaflıq, peşəkarlıq və qanunvericilikdə təsbit edilmiş digər prinsiplərə əsaslanaraq, hesabat ilində həyata keçirilən bütün fəaliyyətlərin Hesabatda əhatəli əks olunmasına çalışılıb:
“Əvvəlki illərdə olduğu kimi, bu Hesabatda yeniliklər etmiş, fəaliyyətin kəmiyyət və keyfiyyət göstəriciləri ilə təsvirinə üstünlük vermişik. Qanunla müəyyən edilmiş 23 vəzifəmiz barədə məlumat Hesabatda dolğun şəkildə şərh olunub, müvafiq vəzifələrin INTOSAI-ın prinsip, standart və təlimatlarına uyğunluğu əks etdirilib”.
Vüqar Gülməmmədov deyib ki, 2025-ci ildə audit və analitik fəaliyyət formasında 48 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul olunub, bunlardan birinin nəticələrinin rəsmiləşdirilməsi növbəti ilə keçirilib:
“Audit portfelinin kəmiyyət göstəricilərində əsasən stabilliyin saxlanmasına hədəflənsək də, portfelin keyfiyyət göstəricilərinin yüksəldilməsinə yönəlik tədbirlər həyata keçirmişik. Bu, həm auditlərin əhatə etdiyi mövzuların müxtəlifliyində və aktuallığında, həm də ilk dəfə audit və ya analitik fəaliyyətlə əhatə olunan qurumların sayında özünü göstərmişdir.
Qeyd edim ki, portfelin 47,9%-də audit və ya analitik fəaliyyət ilk dəfə və ya fərqli mövzu üzərindən olmaqla keçirilib. Beynəlxalq standartların tələblərindən irəli gələrək hesabat ilində tətbiqinə başladığımız yeni Keyfiyyətin idarə edilməsi sistemi də auditin planlaşdırılması, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi mərhələlərinin peşəkar baxışdan keçirilməsini təmin etməklə audit keyfiyyətinin yüksəldilməsinə töhfə verib.
Auditlərin əhatə dairəsinin əsas hissəsini icmal büdcənin müxtəlif elementləri təşkil edib. Müxtəlif illər üzrə dövlət büdcəsinin 6,7 mlrd. manatı, 2023-cü il üzrə Dövlət Neft Fondunun, 2023-2024-cü illər üzrə İcbari Tibbi Sığorta Fondunun büdcələri tam şəkildə, 2023-2025-ci illər üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinin 101,3 mln. manatı, eləcə də qeyri-büdcə vəsaitlərindən 130,1 mln. manat dövlət auditi ilə əhatə edilib.
2025-ci ilin İş Planının tərtibi zamanı müvafiq icra hakimiyyəti orqanının təklifləri, Milli Məclisin deputatları tərəfindən səsləndirilən fikirlər, COP29, mediada işıqlandırılan məlumatlar, rəsmi internet səhifəmizdəki “Audit təklif et” bölməsi vasitəsilə daxil olmuş vətəndaş müraciətləri və digər məsələlər diqqətdə saxlanılıb. Auditlərdə işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərinə, müxtəlif (təhsil, gənclər və idman, səhiyyə, kənd təsərrüfatı, ekologiya və s.) sahələr üzrə aktual mövzulara, o cümlədən ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə fokuslanmışıq. Hesabat dövründə 3 auditi məxfilik rejimində keçirmişik.
2025-ci ilin İş Planına əsasən, 5 analitik fəaliyyət və səmərəlilik, maliyyə, uyğunluq auditi şəklində olmaqla 43 audit keçirilib. 6 auditdə informasiya sistemlərinin auditinin bəzi elementlərindən istifadə olunub.
Bu nəzarət tədbirləri ilə aşkarladığımız nöqsanların təsnifatı Hesabatda ətraflı təsvir edilib, təsnifləşdirmə uyğunluq, maliyyə və səmərəlilik aspektindən həyata keçirilib. Nöqsan təsnifatı üzrə təhlillərin nəticələri göstərir ki, say ifadəsində büdcə qanunvericiliyi, dövlət satınalmaları və dövlət investisiyaları sahəsində pozuntu nisbəti ciddi dəyişməyib”.
Hər il nöqsanlar arasında ən yüksək paya malik olan büdcə qanunvericiliyi üzrə nöqsanlara gəldikdə, Palata sədri bildirib ki, 36 nəzarət tədbirində büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlanıb:
“Burada qurumlar tərəfindən proqnozlaşdırılma və icra prosesinə lazımi diqqət yetirilməməsi, yetərli maliyyə inzibatçılığının və fiskal intizamın təmin edilməməsi şəraitində aşkarlanmış nöqsanlar mühüm yer tutur. Bu nöqsanlar nəticəsində müvafiq qurumların büdcəsi üzrə aşağı icra səviyyəsi, nəticə əsaslı dövlət sifarişi münasibətlərinin formalaşdırılmaması, vəsaitlərin istifadəsiz saxlanılmaqla digər hesablara yönəldilməsi, dövlət sifarişi şərtlərindən kənar dövlət vəsaitlərinin xərclənməsi kimi halları müşahidə etmişik.
Hesablama Palatasının da tövsiyələri nəzərə alınmaqla müvafiq icra orqanları tərəfindən fiskal qanunvericiliyin davamlı təkmilləşdirilməsi və rəqəmsal həllərin tətbiqi ilə cari nəzarətin gücləndirilməsi bu halların (xüsusilə vəsaitlərin xəzinədənkənar hesablarda qalması üzrə) 2025-ci ildən başlayaraq nisbətən azaldığını müşahidə etməyə imkan verir. Bu məsələlər növbəti ilin Hesabatında daha geniş şəkildə şərh ediləcək”.
Palata sədri deyib ki, 2025-ci ilin İş Planı üzrə 32 auditdə dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib:
“Hesablama Palatası olaraq auditlərdə dövlət satınalmalarının qanuniliyi, eləcə də səmərəliliyi və nəticəliliyi kimi 2 əsas suala cavab axtarmağa çalışmışıq və bu fəaliyyəti növbəti illərdə genişləndirməyə çalışacağıq.
Təqdim edilmiş məlumata əsasən 2025-ci ildə 10,8 mlrd. manat məbləğində 19 min satınalma həyata keçirilib. Apardığımız təhlillər göstərir ki, ötən illə müqayisədə, satınalma məbləğinin ÜDM-ə nisbəti 0,6 faiz bəndi artaraq 8,4%-ə çatıb. Beynəlxalq praktikada bu nisbət 12,0%-dən çoxdur”.
Musavat.com
Xəbəri paylaş



























