Dövlətin ayırdığı ərzaqlar hara gedir? 16 saylı bağçada ciddi iddialar
Bu gün, 13:14
Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 16 saylı uşaq bağçası ilə bağlı yayılan görüntülər bir daha sübut edir ki, bizdə bəzi “texniki prosedurlar” həddindən artıq yaradıcı şəkildə tətbiq olunur. Görünür, dövlətin uşaqlar üçün ayırdığı ərzaqlar da müəyyən hallarda “logistika təlimləri” çərçivəsində fərqli istiqamətlərə yönləndirilə bilərmiş.Mediatvaz.com-un məlumatına görə, sosial şəbəkələrdə yayılan kadrlarda həmin ərzaqların bağça müdiri olduğu iddia edilən şəxsə məxsus 77 YG 975 dövlət qeydiyyat nişanlı avtomobilə səliqə ilə yüklənərək aparılması açıq-aşkar görünür. Əlbəttə, bunu sadəcə təsadüfi bir “yerdəyişmə əməliyyatı” kimi izah etməyə çalışanlar tapılacaq. Amma qəribədir ki, bu “əməliyyatın” son ünvanı və məqsədi barədə ictimaiyyətə hər hansı aydınlıq gətirilmir.
Vdeo burada: Uşaq bağçasında oğurluq?
Daha maraqlısı isə odur ki, məsələ artıq gizli deyil, görüntülər geniş yayılıb. Deməli, aidiyyəti qurumların bundan xəbərsiz olması ehtimalı kifayət qədər zəifdir. Əgər xəbərdardırlar, onda sual yaranır: niyə bu qədər sakitlik hökm sürür? Yoxsa bu da hansısa daha böyük “prosedurun” bir hissəsidir və biz sadəcə final mərhələni gözləyirik?
Xatırladaq ki, bu bağça ilk dəfə deyil ki, qalmaqalla gündəmə gəlir. Bir müddət əvvəl musiqi müəlliməsi Elnarə Tahir qızı Əsgərova ilə bağlı yayılan qeyri-etik görüntülər və sonrakı işdən azad olunma hadisəsi də müəssisədə nizam-intizam məsələlərinin necə “yaradıcı” şəkildə idarə olunduğunu göstərmişdi. Görünən odur ki, problem fərdi epizodlarla məhdudlaşmır - sistemli yanaşma mövcuddur.
Ən həssas məqam isə dəyişməz qalır: söhbət uşaqlar üçün ayrılmış ərzaqlardan gedir. Bu artıq nə idarəetmə, nə də etik məsələdir - bu, birbaşa olaraq uşaqların haqqına toxunan iddialardır. Belə hallarda susmaq bəzən razılaşmaq kimi görünür.
Maraqlı bir detal da var: redaksiyamızın əməkdaşına danışan bəzi şəxslərin iddialarına görə, bağça müdiri arxasında Abşeron-Xızı Regional Təhsl İdarəsinin müdiri İlhamə Abdullayeva kimi bir fiqurun dayandığını deməklə öyünür. Bu iddiaların nə dərəcədə doğru olduğunu araşdırmaq isə məhz aidiyyəti qurumların işidir. Amma regional təhsil idarəsinin bu qədər ictimailəşmiş məsələ qarşısında nümayiş etdirdiyi sükut, etiraf edək ki, müəyyən suallar doğurur.
Nəticə isə sadədir, amma nədənsə həmişə çətin həyata keçirilir. Hesab edirik ki, məsələyə hüquqi qiymət verilməli, məsul şəxslər cavab verməli və “ərzaqların sərbəst səyahəti” kimi yenilikçi təcrübələrin qarşısını almaq üçün real nəzarət mexanizmləri qurulmalıdır. Əks halda, belə “prosedurlar”ın davam etməsi üçün heç bir səbəb qalmayacaq, çünki onsuz da hər şey “qaydasındadır”.
Xəbəri paylaş



























