Məhkəmə 120 419 manat vergi ödəməkdən yayınmada ittiham olunan sahibkara bəraət verib – QƏRAR

 
Bu gün, 12:16           
Ali Məhkəmədə vergi ödəməkdən yayınmada təqsirləndirilən Babək Bəşirovun (adı, soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protest və şikayəti təmin edilməyib.
İttihama görə, fərdi sahibkar Babək Bəşirov barəsində istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə – xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma ittihamı irəli sürülüb.
Belə ki, təqsirləndirilən şəxs 2019-cu ilin yanvarından 2020-ci ilin aprel ayınadək sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergitutma obyekti olan əməliyyatlar apararaq rəsmiləşdirdiyi halda, vergi qanunvericiliyinin tələblərini pozub. Bildirilib ki, o, vergi orqanına bəzi hallarda ümumiyyətlə bəyannamə təqdim etməyib, bəzi hallarda isə təqdim etdiyi bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil edib.
İstintaq materiallarına əsasən, Babək Bəşirov Vergi Məcəlləsinin bir sıra maddələrinin tələblərini pozaraq əlavə dəyər vergisi, gəlir vergisi və ödəmə mənbəyində tutulan vergilər üzrə dövlət büdcəsinə ümumilikdə 120 419 manat 75 qəpik məbləğində vəsait ödəməkdən yayınıb.
Cinayət işində qeyd olunub ki, təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində dövriyyə və vergi göstəricilərini faktiki məbləğdən aşağı göstərib. Dövlət büdcəsinə ödənilməli olan əlavə dəyər vergisini 63 min manatdan çox az göstərdiyi qeyd olunub.
Bundan başqa, 2020-ci ilin yanvar ayı üzrə təqdim edilən sənədlərdə büdcədən geri tələb edilən ƏDV məbləğinin faktiki göstəricidən artıq yazıldığı, mart ayı üzrə isə ödənilməli ƏDV-nin təxminən 9 500 manat az göstərildiyi bildirilib. İstintaq orqanının hesablamalarına görə, yalnız əlavə dəyər vergisi üzrə ümumi yayınma məbləği 73 000 manatdan artıq olub.
Eyni zamanda sahibkarın 2019-cu il üzrə gəlir vergisi bəyannaməsində də gəlir və xərclərlə bağlı təhrif olunmuş məlumatlar təqdim etdiyi qeyd edilib. Babək Bəşirov faktiki mənfəəti və büdcəyə ödəməli olduğu gəlir vergisini real məbləğdən aşağı göstərərək 47 000 manatdan artıq vergini ödəməkdən yayınıb.
İstintaq materiallarında həmçinin göstərilib ki, 2020-ci ilin birinci rübü üzrə icarə ödənişləri ilə bağlı ödəmə mənbəyində tutulmalı olan vergi üzrə də bəyannamə təqdim edilməyib və nəticədə dövlət büdcəsinə 166 manat məbləğində vergi ödənilməyib.
Zaqatala Rayon Məhkəməsi iş üzrə araşdırılmış sübutları qiymətləndirərək onun təqsirliliyinin sübuta yetirilmədiyi qənaətinə gəlib. Məhkəmə sahibkara bəraət verib və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini ləğv edib.
Həmçinin məhkəmə Babək Bəşirovun cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnu tanıyıb və bu hüququn həyata keçirilməsi qaydasını izah edib.
Bundan başqa, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ərazi idarəsi tərəfindən irəli sürülmüş 120 419 manat 75 qəpik məbləğində verginin dövlət büdcəsinə ödənilməsi barədə mülki iddia baxılmamış saxlanılıb.
Hökmdən dövlət ittihamçısı və Dövlət Vergi Xidmətinin nümayəndəsi apellyasiya şikayəti və protest veriblər. Onlar Zaqatala Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini və sahibkarın təqsirli bilinməsini istəyiblər.
Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti və şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Bundan sonra dövlət ittihamçısı və zərərçəkmiş hüquqi şəxs kassasiya protesti və kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.
Ali Məhkəmə kassasiya protesti və kassasiya şikayətini təmin edib. Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək işi yenidən apellyasiya baxışına göndərib.
Cinayət işinə yenidən baxan Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə yenidən eyni nəticəyə gəlib. Məhkəmə dövlət ittihamçısının protestini və Dövlət Vergi Xidmətinin şikayətini təmin etməyib, Zaqatala Rayon Məhkəməsinin bəraət hökmünü dəyişdirilmədən qüvvədə saxlayıb.
Bundan sonra dövlət ittihamçısı və Dövlət Vergi Xidmətinin nümayəndəsi bir daha kassasiya protesti və kassasiya şikayəti verərək işin yenidən Ali Məhkəmədə araşdırılmasını istəyiblər.






Xəbəri paylaş


 
 


Xəbər lenti