Xətaini Kimlər "Talan" Edir?
Bu gün, 10:45
Xətai rayonu son illər paytaxtın ən çox qanunsuz tikinti qalmaqalları ilə gündəmə gələn ərazilərindən birinə çevrilib. Rayon sakinlərinin və sosial şəbəkə istifadəçilərinin yaydığı çoxsaylı videogörüntülər göstərir ki, burada artıq qanun yox, şəxsi maraqlar və gizli “tikinti biznesi” hökm sürür. Maraqlıdır ki, bu özbaşınalıqlar məhz Rafiq Quliyev Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra daha da geniş vüsət almağa başlayıb.İddialara görə, rayonda qanunsuz tikintilərin əsas “koordinatorlarından” biri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdovdur. Sakinlər arasında artıq açıq şəkildə danışılır ki, Xətaidə kim harada obyekt tikmək istəyirsə, ilk ünvan məhz İntiqam Cümşüdov olur. Bu isə dövlət qurumunun vəzifəli şəxsinin öz səlahiyyətlərini şəhərsalma qaydalarını tapdalamaq üçün istifadə etməsi ilə bağlı ciddi suallar yaradır. Paytaxtın memarlıq siması günü-gündən eybəcərləşir. Səkilər, həyətlər, yaşayış binalarının arası, hətta insanların nəfəs aldığı kiçik boşluqlar belə obyektə çevrilir. Heç bir təhlükəsizlik norması, yanğın qaydası və şəhərsalma prinsipi nəzərə alınmır. Nəticədə isə həm sakinlərin həyatı risk altına düşür, həm də Bakının ümumi görünüşü plansız və xaotik tikintilərlə məhv edilir. Ən ciddi iddialardan biri isə İntiqam Cümşüdovun son illərdə Xətai rayonu ərazisində onlarla obyekt tikdirməsi ilə bağlıdır. Bildirilir ki, həmin obyektlərin böyük hissəsinin sənədləri ya ümumiyyətlə yoxdur, ya da sonradan müxtəlif yollarla “qanuniləşdirilir”. Ortaya çox təhlükəli mənzərə çıxır: dövlət məmuru həm nəzarət edən tərəfdir, həm də qanunsuz tikintidən qazanc əldə edən şəxs. Sual yaranır: Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu qədər qanunsuz tikintini görmürmü? Yoxsa hansısa maraqlar naminə göz yumulur? Çünki Xətai rayonunda baş verənlər artıq təkcə qanun pozuntusu deyil, açıq şəkildə şəhərin talan edilməsidir. Əgər aidiyyəti qurumlar həqiqətən qanunun aliliyindən danışırsa, o zaman Xətaidə aparılan bütün şübhəli tikintilər araşdırılmalı, qanunsuz obyektlərlə bağlı ciddi tədbirlər görülməli və bu prosesdə adı hallanan vəzifəli şəxslərin fəaliyyəti hüquqi qiymət almalıdır. Əks halda, paytaxtın hər qarışı şəxsi qazanc mənbəyinə çevriləcək və şəhərsalma adına ortada heç nə qalmayacaq.Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com
Xəbəri paylaş



























