“Kupça” oyunundan “əl qızdıranlar” – Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı belə qanunsuzluqlarla çıxır - FAKTLAR

 
Bu gün, 13:17           
Sabunçu rayonu, Balaxanı qəsəbəsində reyestr rəzaləti yaşanır. Azərbaycanda illərdir həlli istiqamətində dövlət başçısı tərəfindən qətiyyətli fərman və sərəncamların imzalandığı, fərdi yaşayış evlərinin sənədləşdirilməsi (“kupça” problemi) məsələsi regional icra qurumlarının və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin süni maneələri ucbatından yenidən dalana dirənib. Dövlət başçısının vətəndaş məmnunluğu, bürokratik əngəllərin aradan qaldırılması və əmlakların leqallaşdırılması ilə bağlı apardığı humanist siyasət bəzi məmurların daxili təlimatları və ziddiyyətli qərarları ilə daban-dabana ziddiyyət təşkil edir.
Redaksiyamıza daxil olan növbəti rəsmi sənədlər paketi Azərbaycanda mülkiyyət hüququnun necə absurd bir hüquqi kolliziyaya salındığını, vətəndaşların dövlət qurumları arasında necə çarəsiz buraxıldığını çılpaq şəkildə ortaya qoyur.
Vətəndaş Sevda Zaman qızı Hüseynovaya məxsus sənədlər əmlakın leqallaşdırılmasında yaradılan dəhşətli mənzərəni ifşa edir.
SEVDA.jpeg (119 KB)
Fakt 1
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 25.02.2019-cu il tarixində vətəndaşa RX Seriyalı №1486163 saylı Çıxarış (“Kupça”) verilib.
WhatsApp Image 2026-05-19 at 11.14.56 (1).jpeg (188 KB)
Sənəddə açıq-aşkar yazılıb:
Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0.0293 ha torpaq sahəsi vətəndaşın XÜSUSİ MÜLKİYYƏTİDİR. Torpağın üzərində heç bir məhdudiyyət (servitut) qeyd olunmayıb.
WhatsApp Image 2026-05-19 at 11.14.55.jpeg (67 KB)
Fakt 2
Torpaq xüsusi mülkiyyətə keçdikdən dərhal sonra, 15 aprel 2019-cu il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin imzası ilə 71-83-151 saylı rəsmi məktubla həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi rəsmən razılaşdırılıb.
WhatsApp Image 2026-05-19 at 11.14.55 (2).jpeg (127 KB)
Absurd imtina
Fakt 3
Vətəndaş dövlətin verdiyi kupçaya və İcra Hakimiyyətinin rəsmi tikinti icazəsinə güvənərək evini tikib. 2026-cı ildə evə çıxarış almaq üçün müraciət edəndə isə e-emlak.gov.az portalı üzərindən “İmtina olunub” cavabı alıb.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi 15.05.2026-cı il tarixli bildirişlə vətəndaşa çıxarış verməkdən imtina edib.
WhatsApp Image 2026-05-19 at 11.14.55 (3).jpeg (155 KB)

İmtinanın bəhanəsi Nazirlər Kabinetinin qərarı, Prezident fərmanından üstündürmü?

Reyestr İdarəsi imtina qərarını Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə istinadən ərazinin “işlək və ya ləğv edilmiş neft quyularının mühafizə zonasına” düşməsi ilə əsaslandırır. Qurum iddia edir ki, Torpaq Məcəlləsinin 46-cı maddəsinə görə, bura dövlət torpağıdır. Burada dövlət qurumunun qanunsuzluğu və absurd fəaliyyəti bir neçə fundamental hüquq norması ilə darmadağın olur. Məsələn, vətəndaşın Azərbaycan Respublikasının ana qanunu olan Konstitusiya ilə qorunan toxunulmazlıq hüququ tapdalanır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eyni zamanda 29-cu maddə mülkiyyət hüququnu fundamental hüquq kimi təsbit edir.
Əgər dövlət bu torpağı 2019-cu ildə xüsusi mülkiyyət kimi vətəndaşa satıbsa, həmin torpaq vətəndaşın özəl mülkiyyətidirsə, hansı məntiqlə 2026-cı ildə “bura neft torpağıdır, evə kupça düşmür” deyir? Əgər bura neft torpağı idisə, Dövlət Komitəsi vətəndaşa niyə torpağa aid kupça verir, həmin torpağı onun özəl mülkiyyəti olaraq tanıyırdı? Beynəlxalq hüquqda və Azərbaycan Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə qeyd olunub ki, dövlət orqanlarının öz daxili koordinasiyasızlığının və səhvlərinin yükü vətəndaşın üzərinə qoyula bilməz!
Vətəndaş hüquqşünas deyil, neft xəritələrinin gizli bazasına çıxışı yoxdur. Vətəndaş dövlətin rəsmi möhürlü sənədinə - həmin Əmlak Komitəsinin verdiyi torpağa aid kupçaya, İcra Hakimiyyətinin tikinti razılığına inanaraq bura vəsait qoyub, ev tikib.
Əmlak Xidməti torpağa kupça verəndə neft quyusunu görmürdüsə, bunun bədəlini niyə kasıb vətəndaş ödəməlidir?
Xatırladaq ki, Prezident İlham Əliyev ölkədə on minlərlə sənədsiz evin mülkiyyət hüququnun tanınması, bürokratik əngəllərin qırılması üçün dəfələrlə xüsusi fərmanlar verib, ASAN Xidmət modelini yaradıb. Dövlət başçısının əsas tələbini bir daha Əmlak Komitəsində oturub dövlətə meydan oxuyanlara xatırladaq:
- Vətəndaşı incitməyin, əmlakını leqallaşdırın, dövlət reyestrinə daxil edin ki, həm vətəndaş mülkiyyətçi olsun, həm də dövlət büdcəsinə əmlak vergisi daxil olsun. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin idarələri bu gün faktiki olaraq Prezidentin bu humanist xəttini sabotaj etməklə məşğuldur. Nazirlər Kabinetinin 2017-ci il tarixli daxili qərarını bəhanə gətirərək, əlində rəsmi dövlət sənədləri olan mülkiyyətçiləri kütləvi şəkildə imtina ilə geri qaytarırlar. Bu yanaşma ölkədə sosial narazılığı artırmaqdan və rüşvətxorluğa meyilli rıçaqları əldə saxlamaqdan başqa heç bir məntiqə sığmır.
Məsələ ilə bağlı hüquqşünaslar qeyd edirlər ki, Reyestr İdarəsinin bu imtinası tamamilə qanunsuzdur. Qazanılmış hüquqların geriyə qüvvəsi yoxdur. Əgər torpaq mülkiyyətdədirsə və tikintiyə icazə verilibsə, evə kupça verilməlidir. Əgər ərazi strateji zonadırsa, o zaman dövlət qurumları vətəndaşın evini və torpağını bazar qiyməti ilə kompensasiya ödəyərək dövlət ehtiyacları üçün geri almalıdırlar. Həm vətəndaşın pulunu alıb torpaq satmaq, həm tikintiyə qanuni icazə vermək, sonda isə “bura neft zonasıdır, sənə sənəd yoxdur” demək hüquqi reketçilikdən başqa bir şey deyil. Halbuki, vətəndaşın evinin dörd bir tərəfi fərdi yaşayış evləridir və hər birinin də kupçası həmin Əmlak Komitəsi tərəfindən verilib.

Mövzuya qayıdacağıq.

E. Məmmədəliyev,
Musavat.com





Xəbəri paylaş


 
 


Xəbər lenti