“Azərişıq”da 5 milyondan çox vergi borcu olan “Smart Energy Services” MMC-ni kimlər “qalib” çıxarır – Vüqar Əhmədov, yoxsa Kamil Hüseynov
Bu gün, 12:14
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Göygöl rayonu ərazisində yeni 110/35/10 KV-luq 2X40 MVA gücündə yarımstansiya və idarəetmə mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması, 110 kV-luq “Daşkəsən 1-2” hava xəttindən budaqlanma ilə işlərə dair 16.01.2026-cı ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “SMART ENERGY SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti seşilib və tərəflər arasında 26.478.341,87 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 15.05.2026-cı ildə dərc edilib.Qeyd edək ki, “SMART ENERGY SERVİCES” “Azərişıq” ASC və xüsusən də qurumun rəhbər vəzifəli şəxslərinə yad şirkət deyil. Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlimata görə 27.05.2022-ci ildən 12.06.2025-ci ilə qədər, yəni iki il ərzində “Azərişıq” sözügedən şirkətlə ümumi dəyəri 103 715 133 manat olan 16 satınalma müqaviləsi bağlayıb. Bağlanılması nəzərdə tutulan müqavilənin qiymətinin də əvvəlkilərin üstünə gəldikdə bu 13o 193 474 manat dəyəri olan dövlət sifarişi deməkdir.
İndi gəlin görək “Azərişıq” ASC-nin son iki il ərzində 130 milyon manat dəyərində müqavilə bağladığı “Smart Energy Services” MMC barəsində rəsmi və qeyri rəsmi nə kimi məlumatlar var.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SMART ENERGY SERVİCES” (VÖEN: 1504953841) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.01.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, HƏSRƏT AĞAMALIYEV (RƏSULZADƏ QƏS.), ev.10, m.25, qanuni təmsilçisinin isə Tinayev Anar Nemət oğlu olduğu qeyd edilib. MMC-nin hazırkı günə 5 413 018.52 manat vergi borcu var.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin yenilənmiş “Vergi ödəyicisinin tarixçəsi” məlumatlarında “Smart Energy Services” QSC barəsində əvvəlki məlumatlar mövcud deyil. Medianın 2024-cü ildə yaydığı məlumata görə “Smart Energy Services” MMC dövlət qeydiyyatına alınan zaman adı, hüquqi ünvanı və qanuni təmsilçisi fərqli olub. Belə ki, qeydiyyata alınan zaman şirkətin adı “RX İnvest Layihə” MMC olub. Hüquqi ünvanı “Nərimanov r. Məmməd Arif ev 27, m. 195”də olan MMC-nin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olub. Şıxıyev Rəşad İsa oğluhəm də “R and X” adlı MMC-nin qanuni təmsliçisi olub.
Qeyd edək ki, “R and X” adlı MMC 2017 ci ildə yaradılmasına baxmayaraq 2019-cu ilə qədər adı bir sıra dövlət qurumları ilə müxtəlif lotlar üzrə bağlanmış şübhəli müqavilələrdə hallanıb.Bu MMC-nin də hazırda 244 640.89 manat vergi borcu var.
“SMART ENERGY SERVİCES” MMC haqqında olan rəsmi məlumatlar bu qədərdir. Göründüyü kimi Dövlət Vergi Xidməti də MMC-nin rəsmi, lakin şübhəli tarixçəsini silib.
Bəs “Smart Energy Services” MMC haqqında qeyri-rəsmi mənbələrdə nə kimi məlumatlar var?
Medianın yaydığı məlumatlara görə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində satınalmalara nəzarət birbaşa Kamil Hüseyinovun nəzarətindədir. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun həm müşaviri, həm də tələbə yoldaşı olan Kamil Hüseyinovun “özfəaliyyət”i dövlətin milyonlarla vəsaitini müxtəlif tenderlər və birbaşa müqavilələrlə “buxarlandırmasından” ibarətdir. Bu məqsədlə müxtəlif illərdə müxtəli adlarla MMC-lərin təsis olunması və böyük məbləğdə tenderlərdə “qalib olması” kimi ənənəvi taktika xatırlanır.
Mediada xatırladılır ki, Kamil Hüseynov hazırkı vəzifəsinədək “Akkord”da əvvəlcə istehsalat departamentinin direktoru, sonra isə rəhbər işləyib. İnternet üzərindən apardığımız araşdırmalarla məlum olur ki, məhz bu zaman Kamil Hüseynov tərəfindən milyonlarla dövlət vəsaiti mənimsənilib. Bir faktı qeyd edək ki, Elçin Bədəlovun “Akkord”a rəhbərlik etdiyi dövrdə Azərbaycan Beynəlxalq Bankından götürülmüş yarım milyard manatdan çox kredit bölgələrdə müxtəlif layihələr adıyla su-kanalizasiya departamentinin rəhbəri Fariz Cəmilli və istehsalat departamentinin direktoru Kamil Hüseynov tərəfindən mənimsənilmişdi. Hətta bu faktın “Akkord”un çöküşündə başlıca amil olduğu da deyilir…
Bu hadisədən sonra Kamil Hüseynov “sudan quru çıxmağı” bacarmış və tələbəlik dostu Vüqar Əhmədovun yanında yer ala bilmişdir.
Kamil Hüseynova bağlılığı ilə tanınan “iriçaplı” şirkətlərdən biri də, “Smart Energy Services” MMC-dir. Bu şirkətin “Azərişıq” ASC-dən başqa heç bir dövlət qurumunun satınalmalarında iştirakçı olmadığını, yalnız “Azərişıq” ASC-nin tenderlərini “udması” MMC-nin birbaşa Kamil Hüseynova bağlılığını birbaşa təsdiq edir. Bu həm də “Azərişıq” da tenderlərin formal keçirildiyini, qalibin əvvəlcədən bəlli olduğunu da təsdiqləyir.
Xatırladaq ki, “Azərişıq” ASC-nin daimi işbirliyində olduğu “Enerji Constraction”MMC-nin təsisçisi olmuş Yusif Yusifli hələ 2023-cü ildə “Azərişıq” ASC tərəfindən keçirilmiş satınalmalarda ciddi korrupsiya hallarına yol verilməsi ilə bağlı mətbuata açıqlamalar vermişdi. “Enerji Construction” QSC-nin qanuni təmsilçisi və direktoru kimi Yusif Eldar oğlu Yusifli açıqlamalar vermişdi ki, Kəlbəcər rayonunda gördüyü işlərə görə “Azərişıq” ASC-nin ona və 250 işçisinə, mal-material, maşın-texnika sahiblərinə külli miqdarda – 5 milyon manatdan yuxarı borcu yaranıb. Amma sifarişçi təşkilat olaraq “Azərişıq” ASC tərəfindən pullar ödənilmir.
Qeyd edək ki, Yusif Yusifli açıqlamalarında həmçinin “Azərişıq” ASC-nin rəsmiləri ilə tender prosedurundan əvvəl görüşərək işi müzakirə etdiklərini, razılığa gəldikdən sonra tenderdə qalib olduğunu bildirmişdi.
İndi kim zəmanət verə bilər ki, “Azərişıq” ASC-nin rəsmiləri, daha dəqiq Kamil Hüseynov eyni metodla, əvvəlcədən görüşüb, razılaşdıqdan sonra “Smart Energy Services” MMC-ni bu tenderlərin qalibi çıxarmayıb?
Göründüyü kimi “Azərişıq” ASC dövlətə 5 413 018.52 manat vergi borcu “Smart Energy Services” MMC ilə satınalma müqaviləsi bağlayıb. Maraqlıdır, “Smart Energy Services” MMC-nin bu qədər vergi borcu haradan yaranıb? Təbii ki, “Azərişıq” ASC-nin verdiyi sifarişlərdən. Yuxarıda qeyd etdiyimiz kimi, çünki “Smart Energy Services” MMC son iki ildə ancaq “Azərişıq” ASC-nin sifarişlərini yerinə yetirib. Elə vergi borcu da oradan yaranıb.
Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü Maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Həmin Maddənin 23.3.5. Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş aşağıdakı halların mövcud olmaması: 23.3.5.1. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olması;
Göründüyü kimi “Azərişıq” ASC-ninrəsmiləri Qanunun tələblərini pozaraq “Smart Energy Services” MMC ilə 26 milyon manat dəyəri olan müqavilə bağlamağı planlaşdırır? Bu işlərin başında isə ya “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, ya da sədrin müşaviri Kamil Hüseynov dayanır. Nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə bunalara göz yumur./aktualinfo.net
Xəbəri paylaş



























