Baş həkimlər çıxılmaz vəziyyətdə: Kim işdən çıxarılsın?
Dünən, 10:20
Ölkədə səhiyyə sahəsində aparılan islahatların məqsədi xidmət keyfiyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması kimi təqdim edilir. Lakin Redaksiyasıza daxil olan məlumatlar göstərir ki, bəzi hallarda “islahat” adı altında həyata keçirilən addımlar ciddi narahatlıq doğurur.İddialara görə, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən poliklinikalara şifahi göstəriş verilib ki, işçi sayından asılı olaraq 9 və daha çox əməkdaşın, o cümlədən texniki işçilərin ixtisarı üçün siyahılar təqdim olunsun. Məlumatda bildirilir ki, bu göstəriş bir sıra tibb müəssisələrinin rəhbərləri arasında ciddi narazılıq yaradıb.Ən maraqlı məqam isə budur ki, baş həkimlər hansı əməkdaşın adını siyahıya daxil etməli olduqları ilə bağlı çıxılmaz vəziyyətdə qaldıqlarını bildirirlər. Çünki illərlə formalaşmış kollektivlərdə çalışan insanların böyük əksəriyyəti müəssisələrin gündəlik fəaliyyətində mühüm rol oynayır. Həkim, tibb bacısı, qeydiyyatçı və ya texniki işçi olmasından asılı olmayaraq, hər bir əməkdaş səhiyyə xidmətinin ayrılmaz hissəsidir.Sual yaranır: Əgər məqsəd səhiyyənin inkişafıdırsa, niyə ilk hədəf insan resursları olur? Kadr çatışmazlığından danışılan bir dövrdə işçilərin ixtisarı hansı məntiqə əsaslanır? Bu qərarlar hansı təhlillər əsasında verilir və onların xidmət keyfiyyətinə təsiri hesablanıbmı? Digər tərəfdən, səhiyyə müəssisələrində onsuz da iş yükünün artdığı, vətəndaş axınının çoxaldığı bir şəraitdə əlavə ixtisarlar vəziyyəti daha da ağırlaşdıra bilər. Nəticədə həm işini itirən əməkdaşlar, həm də xidmət almağa gələn vətəndaşlar zərər çəkə bilər. Aidiyyəti qurumlar bu məsələyə aydınlıq gətirməli, cəmiyyətə izah etməlidirlər ki, aparılan islahatların əsas məqsədi nədir: səhiyyənin gücləndirilməsi, yoxsa iş yerlərinin azaldılması?Ümid edirik ki, məsələ ilə bağlı rəsmi qurumlar susqunluğa üstünlük verməyəcək və səsləndirilən iddialara münasibət bildirəcəklər.Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com
Xəbəri paylaş



























