Nizami Tibb Mərkəzində Nələr Baş Verir? – Baş Həkimin Özbaşınalığı və İşgəncə İddiaları

 
Bu gün, 13:40           
 Səhiyyə sistemindəki problemlər, vətəndaşlara qarşı laqeydlik və korrupsiya halları hər kəsə məlumdur. Lakin bu dəfə Nizami Tibb Mərkəzindən gələn görüntülər və iddialar artıq bütün hüquqi və mənəvi sərhədlərin aşıldığını göstərir. İnternet məkanında yayılan videofaktlar mərkəzin şöbə müdiri Samir Məmmədovun öz vəzifə səlahiyyətlərini aşaraq, rəhbərlik etdiyi qurumu az qala şəxsi "cəza düşərgəsinə" çevirdiyini ortaya qoyur.
Sosial şəbəkələrdə paylaşılan və şikayətçi Bəhruz Nəsirov tərəfindən çəkilən videoda açıq-aşkar görünür ki, Nizami Tibb Mərkəzində qanun yox, idarəçilərin yumruqları danışır. Zərərçəkmiş Bəhruz Nəsirov  mərkəzin həyətində, iş vaxtı şöbə müdiri Samir Məmmədov tərəfindən vəhşicəsinə döyüldüyünü, burnunun zədələndiyini və köynəyinin qan içində olduğunu nümayiş etdirir.Tibb müəssisəsi insanların sağlamlıq tapdığı yer olmalıdır, yoxsa rəhbərliyin işçiləri qanına qəltan etdiyi bir məkan? Bu hadisə sadəcə bir nizam-intizam pozuntusu deyil, birbaşa cinayət məsuliyyəti yaradan əməldir.Videonun digər hissələrində mərkəz daxilindəki gərginlik və otaqlarda baş verən qarşıdurmalar əks olunub. Şöbə müdirinin işçiləri təhqir etdiyi, onlara psixoloji təzyiq göstərərək qanunsuz şəkildə işdənçıxma ərizəsi yazdırmağa məcbur etdiyi aydın eşidilir.
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə görə, heç bir işçi məcburi şəkildə, təzyiq altında ərizə yazmağa vadar edilə bilməz. Nizami Tibb Mərkəzində isə qanunlar tapdalanır, işçilərin hüquqları heçə sayılır.Videoda səslənən digər bir dəhşətli fakt isə tibb bacılarının və digər işçilərin qeyri-insani şərtlərlə işlədilməsidir. Tibb bacısının fəryadı qanunun necə ayaqlar altına atıldığının sübutudur:
"Bir işçiyə 8 saatın pulunu verib, 18 saat işlətmək qanuna ziddir!"
TƏBİB rəhbərliyi və aidiyyatı qurumlar hara baxır? İnsanların 18 saat ərzində, demək olar ki, qul kimi istismar edilməsi hansı məntiqə sığır? Bu qədər iş rejimi ilə işləyən tibb işçisi xəstəyə necə keyfiyyətli xidmət göstərə bilər? Bu, həm işçinin hüququnun tapdalanması, həm də xəstələrin həyatının təhlükəyə atılmasıdır.Nizami Tibb Mərkəzində baş verən bu biabırçılıq, döymə, söymə, məcburi ərizə yazdırma və qanunsuz iş saatları faktları barədə artıq hüquq-mühafizə orqanlarına şikayətlər edildiyi bildirilir.Mediatvaz.com olaraq məsələni diqqətdə saxlayırıq və aidiyyatı dövlət qurumlarından – TƏBİB-dən və hüquq-mühafizə orqanlarından bu özbaşınalığa son qoyulacağına, şöbə müdiri Samir Məmmədov və digər məsul şəxslərin əməllərinə hüquqi qiymət veriləcəyinə ümid edirik.

https://www.youtube.com/shorts/maZHd9Et_4o​​​

Hər kəsin cavab haqqını tanıyırıq.
Mediatvaz.com







Xəbəri paylaş


 
 


Xəbər lenti