Korrupsiya yuvalarının çöküşü - NƏ BAŞ VERİR?

 
20-06-2022, 10:53            66 dəfə baxılıb
Təəssüfedici fakt odur ki, mərkəzi icra orqanlarının yerlərdəki regional idarələrindəki sistemsizlik və pərakəndəlik müşahidə edilməkdədir. Fikrimcə, mərkəzi icra orqanlarının regional idarələrinin ölkə başçısının müəyyən etdiyi iqtisadi zonalar üzrə təsis edilməsinin səmərəsi daha çox ola bilər.

Əlavə edim ki, Əmlak Məsələləri Dövlət Xidmətinin bir yox, bir neçə, bir-birindən asılı olmayan regional idarələrinin fəaliyyətdə olması vətəndaş məmnunluğunu lazım səviyyədə təmin etmir. Çünki bu qurumların xidmət etdiyi məqsədlər tam başqadır. Hər halda bu günlərdə Xidmətin bir sıra idarələrində müvafiq orqanlar tərəfindən aparılan əməlyyat nəticəsində saxlanılanların olması bu fikri bir daha təsdiq edir.

Ötən il ölkə başçısnın fərmanı ilə sistemdə aparılan islahatlar nəticəsində əmlakla bağlı strukturlarda birləşdimə aparılsa da, bu gün vahid pəncərə sisteminin təşkilinə ehtiyac var. Etiraf edək ki, məhz bu pərakəndəliyin nəticəsidir ki, adi bir sənədsiz mənzilə və ya torpağa çıxarışın alınması aylarla çəkir.

Deməliyəm ki, bu gün bəzi rayonlara təyin edilmiş siyasi rəhbərlər köhnə ab-havadan qurtula bilmir, yeniliyə can atmır, gözə görünmür, ortalıqda olmur və bütün fəaliyyətlərini və karyeralarını “kölgə altında” başa vururlar.

Təsəvvür edin ki, RİH-lər vətəndaş qəbullarında köhnə stereotiplərdən uzaqlaşa bilmirlər. Əvvəlcədən hazırlıq prosesi gedir: ən yüngül problemlər səsləndirilməli, o problem də guya dərhal həllini tapmalı, zal isə anşlaq olmalı və sair və ilaxır. Hətta qəbullar o qədər sönük keçir ki, iştirakçıları yuxu basır. Və özləri də bilməyərəkdən şəkilləri paylaşılır.

Bəlkə də, ən faciəli məqam bir də ondadır ki, bir çox rayonlarda seçkili orqan olan bələdiyyələrin sədrləri məzuniyyətə çıxanda və ya başqa rayonda üzr yerinə və ya paytaxta tədbirə gedəndə, hətta vəzifəsini tərk edib istefa vermək istədikdə belə, mütləq şəkildə icra başçısının adına ərizə yazıb razılıq almalıdırlar.

Başqa bir maraqlı məqam isə bələdiyyə sədrinin təklifi olduğu halda sədr onu ilk növbədə RİH-in Ərazi idarəetmə şöbəsinin müdirinə deməlidir. Əgər təklifi şöbə müdiri bəyənsə, o, birinci müavinə bildirir, ondan sonra isə siyasi rəhbərin məlumatı olur. Hesab edin ki, hər danışıqda irəli sürülən təklifin məzmunu və məqsədi istənilən istiqamətə dəyişə bilər.

Söhbət ondan gedir ki, siyasi rəhbərlərin əksəriyyəti bələdiyyə sədrləriylə birbaşa konktakta maraq göstərmir və özünü yerlərdə mütləq hakim kimi qəbul edir. Yeni təyinat alanların da bəzilərini rayonlarda uzun illərdən bəri formalaşmış icra aparatı tez bir zamanda çərçivəyə salıb “özəlləşdiriblər”. Hətta iş o yerə çatıb ki, bəziləri köhnə vaxtlarda təsadüf olunan bir halı, yəni bələdiyyə sədrlərin möhürünü alıb icra hakimiyyətində saxlamağı özlərinə ayıb saymırlar. Bu prosesin ən pik vaxtı isə bələdiyyələrə dotasiyanın verilməsi zamanı baş verir. Dotasiyanın bilavasitə ünvanına tam-dürüst formada çatması isə ayrı bir “istoriya”dır. Nə isə...

Göründüyü kmi, bu cür addımlar səbəbindən Prezident İlham Əliyev bu günlərdə etdiyi çıxışların birində çox vacib bir məqamlara toxunub:

“Qarabağ və Şuşa üzrə xüsusi nümayəndələrim var... Digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək. Biz bu yeni idarəçilik modelini sınaqdan keçiririk. Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və fikirləşirəm ki, bu, o qədər də hərtərəfli düşünülməmişdir. Buna görə də çoxlu suallar var. Bilirsiniz ki, bəlkə də, 10-dan çox regional rəhbər şəxs rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunub. Bu proses ictimai şəkildə baş verib, rüşvət prosesi videoya çəkilib. Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib. Beləliklə, Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Çünki Bakıda qəbul etdiyimiz qərarların hamısı insanların həyat şəraitinin və infrastrukturun yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi daşıyır, amma bəzən onlar regionlarda icra edilmir və insanlar bunu görmür”.

Göründüyü kimi, cənab Prezident qəti şəkildə sözünü dedi. Bu sözdən sonra da dərhal Şərqi Zəngəzur üzrə nümayəndəni təyin etdi. Demək prosesə start verilib. Qalır hazırda iş başında olan siyasi rəhbərlərin bu çıxışdan həm də nəticə çıxarmaları.

Vüqar Tofiqli,
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri,
AYNA



Xəbəri paylaş


 
 


Xəbər lenti