Media qanunumuz Qərb hüququnu dəhşətə gətirir

 
22-06-2022, 12:21            90 dəfə baxılıb
 “Avropa Şurasına üzv olan bir ölkədə belə qanun tətbiq edilməməlidir” – Venesiya Komissiyasının Azərbaycanın “Media haqqında” qanununa verdiyi hüquqi rəyi bu cümlə ilə ifadə etmək olar. Komissiyanın 4 ekspertinin hazırladığı 22 səhifəlik rəy VK-nin 17-18 iyunda keçirilmiş 131-ci plenar iclasında müzakirəyə qoyulub və qəbul edilib.

Ötən ilin sonunda tələm-tələsik parlamentə çıxarılıb qəbul edilən qanun layihəsini bir qrup yerli media eksperti elə həmin vaxt mürtəce hesab etmişdi və onun jurnalistikamıza, töhfə gətirmək əvəzinə, zərbə vuracağını söyləmişdi. Onlar layıhəni geri çağırmağı və ya ciddi surətdə yenidən işləməyi tövsiyə etmişdilər. Lakin sənədə dəyişikliklərlə bağlı ekspertlərin maddə-maddə hazırladıqları təkliflər nəzərə alınmadı. Bu təkliflər, əsasən, 25 maddəyə fokuslanmışdı. Venesiya Komissiyası da öz rəyində daha çox həmin müddəaları hədəf alıb. Rəy genişdir, məzmununu qısa şəkildə aşağıdakı kimi ifadə etmək olar:

“Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün son dərəcə məhdud bir məkanın mövcudluğu kontekstində belə qanun daha “çəkindirici effekt”ə malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı standartlara uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir. Bu səbəblərdən, Qanun olduğu kimi tətbiq edilməməlidir. Onun bütünlüklə ləğv edilməyəcəyi təqdirdə, Venesiya Komissiyası Azərbaycan hakimiyyətini təcili olaraq qanunda dəyişikliklər həyata keçirməyə çağırır”.

Venesiya Komissiyası “Media haqqında” qanunun ifadə azadlığına başlıca təhdid mənbəyi olan bir çox müddəalarının ləğvini istəyir. Həmin müddəalar, əsasən, bunlardır:

– Qanunun 26-cı maddəsi – KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilməlidir;

– Media Reyestri və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv edilməlidir;

– akkreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv aradan qaldırılmalıdır;

– qanundakı məzmunla bağlı məhdudiyyətlər Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırılmalıdır;

– jurnalist qaynaqlarının qorunması ilə bağlı müddəalar dəyişməlidir;

– platforma yayımçıları üçün lisenziya tələbi ləğv olunmalıdır;

– çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanları yalnız məlumatlandırmaq yetərli olmalıdır.

Venesiya Komissiyası Qanunun müəyyən etdiyi jurnalist anlayışının, gizli çəkilişlərin yayılmasının qəti qadağan edilməsinin qüsurlu olduğunu vurğulayıb. Qeyd edib ki, jurnalist anlayışı genişləndirilməli, gizli çəkilişlərə qadağalar ictimai maraqlar baxımından yolverilən olmalıdır. Rəydə teleradio sahəsində tənzimləyici qurumun formalaşdırılması modelinin yenidən işlənməsinin gərək olduğu vurğulanır.

“Qanun Azərbaycanda media sektoru ilə bağlı, demək olar ki, hər şeyi, o cümlədən onlayn medianı tənzimləməyi hədəfləyir. O, bunsuz da çox məhdudlaşdırıcı xarakterə malik qanunvericilik mühitində həddindən artıq tənzimləmənin ən bariz nümunəsidir. Qanunun hər hansı özünütənzimləməyə yer qoymaması, Media Agentliyinin isə dolayısı ilə Media nazirliyi rolunu öz üzərinə götürməsi məsuliyyətli jurnalistikanın mövcud olma imkanlarını məhdudlaşdırır və bu, təəssüf doğurur. Qanun, medianın “ictimai nəzarətçi” rolunu yerinə yetirməsi üçün gərəkli şərtləri təmin etmək yerinə, medianın fəaliyyətini məhdudlaşdırmağa hədəflənib”.
Müəllif: Xalid Ağəliyev
//pressklub.az//



Xəbəri paylaş


 
 


Xəbər lenti