İmişlidə qolu olmayan şəxsə ürək probleminə görə əlillik təyin olunub?
4-06-2024, 11:18 136 dəfə baxılıb
Son zamanlarrda sosial şəbəkələrdə İmişli rayon sakini Qurbanov İlqar Seymur oğlu sol qolu amputasiya olduğu halda ona ürək xəstəliyi ilə bağlı əlillik təyin edildiyi barədə videolar paylaşıb. Sözügedən videoda İlqar Qurbanov iddia edir ki, bunu İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Anar Cəfərov edib. Məsələni aydınlaşdırmaq məqsədilə baş həkimlə əlaqə saxladıq. Anar Cəfərov Bizim.Media-ya açıqlamasında bildirib ki, bütün bunlar şər-böhtan xarakterlidir: “Mən həmin şəxsi məhkəməyə vermişəm. Çünki o, mənim imicimi aşağı salmaqdan ötrü belə paylaşım edib. Biz onun sol qolunun olmaması ilə bağlı sənəd yazmışdıq. Həmin şəxsin danışdıqları böhtandır”. İddiaçı İlqar Qurbanov isə saytımıza açıqlamasında bildirib ki, məhz sosial şəbəkədə yaydığı videodan sonra onun əlilliyi bərpa edilib: “Mən bu paylaşımı bu ilin mart ayında etmişdim. Videom yayıldıqdan bir saat sonra telefonuma mesaj gəldi ki, əlilliyim bərpa olundu. Mənə Əlilliyin Bərpa Mərkəzindən demişdilər ki, bunu (ürək problemi ilə bağlı əlilliyin təyin olunmasını – red.) baş həkim Anar Cəfərov edib, mən də videoda ona görə onun adını çəkmişəm”. İlqar Qurbanov bildirib ki, Anar Cəfərov onu iki dəfə məhkəməyə verib: “Lakin ölkəmizin ədalətli hakimləri olduğu üçün, Anar bəyin dedikləri doğru-dürüst olmadığı üçün ona bəraət qazandırmayıblar. Mənim Anar bəyin özüylə heç bir şəxsi qərəzliyim yoxdur. Sadəcə işində bəzi nöqsanlara yol vermişdi deyə, belə oldu. Hələ mənim əlilliyim üçün ayrılan pensiyanın 9 ayı batdı getdi. Yəni 9 ay pensiya ala bilmədim. Yəni əlilliyimin təsdiqi iyun ayında olmalıydı, mart ayında təsdiq olundu. Mən heç buna görə məhkəməyə filan müraciət etmədim”. |
Xəbəri paylaş