Qazinin pensiyasını saxtalıqla kəsən DSMF-in məsul şəxsləri məhkəmə qarşısında - TƏFƏRRÜAT

 
14-06-2024, 11:37            176 dəfə baxılıb
DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin
Əliyev 26.01.2023 tarixli, müavini Elnur Qurbanov 22.02.2023 tarixli
məktublarla 1-ci dərəcəli Qarabağ qazisinin pensiyasının məhkəmə
qərarı ilə ayrılan 110 manatla birlikdə 1112,44 manat , bir il sonra
21.02.2024 tarixli məktubla isə 1082,70 manat müəyyən edildiyini
bildirib. Yəni pensiya 11,2 faiz indeksləşmədən sonra 155 manat artmaq
yerinə , əksinə 30 manat az hesablanıb. Heç demə, borclu 7 il qabaq
05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı dövlətin adından çıxarılan
məhkəmə qərarının icrasını 01.04.2023-cü ildən özbaşına dayandırıb və
14 aydır bərpa etmir. Əksinə, internet resursları vasitəsilə ali dövlət
hakimiyyəti orqanlarına, hüquq orqanlarına, Ombudsmana, qərarı çıxaran
Bakı İnzibati Məhkəməsinə yalan məlumat verirlər ki, guya məhkəmə
qərarını qanun ləğv edib. Həmin orqanlar da 14 aydır bu yalanı , korrupsiya
faktını Konstitusiya aktı kimi qəbul edirlər.
Qanunun belə “hüququ”nun olmadığını bildirəndə isə yalandan qərarın
icra olunduğunu bildiriblər. Əslində bu korrupsiya cinayətidir, lakin nə
prokurorluq, nə məhkəmə bu fakta qiymət vermək istəmir. Odur ki,
tələbkar 1-ci dərəcəli qazi Nərimanov məhkəməsinə DSMF-in Xüsusi
Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Əliyev Şahin İbrahim
oğlu və müavini Qurbanov Elnur Eldar oğlu barəsində Cinayət
Məcəlləsinin 147.1 maddəsi əsasında cinayət məsuliyyətinə cəlb
edilmələrinə xüsusi ittiham qaydasında şikayət verib. Xüsusi ittihamçı
şikayətinin daha ağır maddə ilə araşdırılması üçün prokurora
göndərilməsini də xahiş edib.
Hakim Həbib Həsənov cinayət işi üzrə hazırlıq iclasını 13.06.2024-cü ilə
təyin edib. Xüsusi ittihamçı CPM-in 51-2 maddəsi əsasında iclasın
videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsinə, CPM-in 194-cü
maddəsinə əsasən dövlət hesabına vəkillə təminatına ərizə verib.
İstənilən halda, dövlətin adından çıxarılan məhkəmə qərarının icrasının
özbaşına, yalan məlumatlarla dayandırılması , 14 aydır yalandan icra
olunduğunun bildirilməsi qazinin işgüzar nüfuzuna da xələl gətirir. Yəqin
bununla bağlı mülki iddia da verilər. Məhkəməyə verilən pensiya
məmurları isə özbaşınalıqdan birinci instansiyada əl çəksələr, daha yaxşı
olar. Yoxsa, bu məhkəmə “çox su aparacaq”.

Məğrur Bədəlsoy - Dia-az.İnfo



Xəbəri paylaş


 
 


Xəbər lenti