Tahir Əbdülqasımov DÖVLƏTDƏN ÜSTÜNDÜRMÜ?

 
27-06-2024, 12:12            120 dəfə baxılıb
Araşdırmaçı jurnalist Pərviz Cəlilov Ovqat.com-a bir yazı ünvanlayıb.

Aktuallığını nəzərə alıb yazını yayımlayırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Təxminən bir neçə həftə bundan əvvəl nüfuzlu saytlarda dövlət qoruğu olan Şəhriyar parkının neçə illər öncə heç bir hüquqi əsas olmadan əslən Şuşalı Tahir Əbdülqasımov tərəfindən işğal olunması, parkda yaratdığı “Çanaqqala” restoranından bəhs edilən çox maraqlı yazı nəzər diqqətimi cəlb etdi və məni hiddətləndirdi. Bu səbəbdən də araşdırmaçı jurnalist kimi bu ətrafda araşdırmalara başladım və bu yazını yazmağıma zərurət yarandı.

Məlumat üçün bildirmək lazım gəlir ki, bu günkü adıçəkilən Şəhriyar parkı 1939-cu ildə xalqın mənalı, məzmunlu istirahəti üçün Dzerjinski parkı kimi yaradılıb, müstəqillik illərində adı dəyişdirilib Şəhriyar parkı kimi tanınıb, 2000-ci ilin avqust ayında Nazirlər Kabinetinin qərarı ilə dövlət qoruğu elan edilib. Lakin nəzarətsizlikdən sui-istifadə edən Tahir Əbdülqasımov yaranmış şəraitdən yararlanaraq parkın yarısından çoxunu işğal etmiş, öz mənafeyi, güzəranı naminə bir vaxtlar parkda mövcud olan ən dəyərli nadir ağacları, yaşıllığı məhv edərək parkda “Çanaqqala” adlı restoran yaratmışdır.

Mən Azərbaycan vətəndaşı, eləcə də araşdırmaçı jurnalist və oxucu kimi ölkə başçısına, Respublikanın Baş nazirinə, baş prokuroruna və hüquq mühafizə orqanlarının rəhbərlərinə üz tutub deyirəm: Şəhriyar parkı dövlət qoruğudur, qoruqda qanunsuz restoran açmaq ən böyük cinayətdir. Dünyanın heç bir ölkəsində belə praktika yoxdur. Bax, bu kimi hallar dövlətçiliyimizi sarsıdır, narazıların sayını artırır, sosial gərginlik yaradır. Məhz buna görə də Dövlət qoruğu olan Şəhriyar parkı bir vaxtlar məhkumluq həyatı yaşayan Tahir Əbdülqasımovun işğalından azad olunmalıdır, qanunsuz tikilən və böyük bir ərazini əhatə edən “Çanaqqala” təcili sökülməlidir və Tahir Əbdülqasımovun şəxsi vəsaiti hesabına abadlaşmalıdır, park vəziyyətinə salınmalıdır.

Yeri gəlmişkən qeyd etməliyəm ki, “Çanaqqala” ətrafında araşdırmalar apararkən bəlli oldu ki, Tahir Əbdülqasımov “Çanaqqala” restoranının yaxın həndəvərində “Qreen” adlı qanunsuz kafe də açmış imiş. Vətəndaşlar tərəfindən ali hakimiyyət və digər aidiyyatı orqanlara daxil olan siqnallar, etirazlar araşdırılmış, faktların həqiqəti əks etdirməsi təsdiq edildikdən sonra “Green” kafesinin söküntüsünə qərar verilmişdir.

Təbii ki, eyni oxşar aqibət qeyri qanuni tikilən “Çanaqqala” restoranını da gözləyir, özü də lap yaxın vaxtlarda.

Bununla da neçə illərdir”mənəm” “mənəm” deyən Tahir Əbdülqasımov erası bitəcəkdir.

Ən sonda bir məqamı xüsusi vurğulamaq istəyirəm:

Düşünürəm ki, görəsən neçə illərdir xalqın, dövlətin gözü önündə insanların istirahət hüquqlarını pozaraq dövlər qoruğunu qanunsuz zəbt edərək gəlir mənbəyinə çevirən, sərvət, sərmayə toplayan Tahir Əbdülqasımovun toxunulmazlığına xüsusi status verən kimdir?

Silsilə yazılar ədalət şər üzərində zəfər çalana qədər davam edəcəkdir.

Səmimi hörmətlə: Pərviz Cəlilov
Araşdırmaçı jurnalist





Xəbəri paylaş


 
 


Xəbər lenti