Gücünüz NTV-yə çatır?! - Emin Tarverdiyev yazır...

 
1-08-2024, 12:26            119 dəfə baxılıb
Bu yaxınlarda Naxçıvandakı media ilə bağlı bir yazı yazmışdım. Bildirmişdim ki, çoxları reallığı görmədiyi və ya görmək istəmədiyi halda həqiqət budur ki, Naxçıvan mediası hazırda tam rəqabət mühitində çalışır və inkişaf edir.
27 yaşımadək Naxçıvanda yaşamışam. Oradada televiziyanın əvvəlki halını da görmüşük, indiki halını da. O vaxt izləyici çevrəsi muxtar respublika sakinləri idisə, indi istənilən saatda internetdən istifadə edərək Naxçıvan televiziyasının verilişlərini dünyanın istənilən yerindən canlı izləmək mümkündü. Bildiyimə görə, “Naxçıvan” TV yaxın vaxtlarda peyk yayımına da çıxacaq. Məhz elə bu bəsdir ki, oranın hər bir əməkdaşı işinə ciddi yanaşsın. Amma məsələ budur ki, Hesablama Palatasının bu günkü məlum açqlamasından sonra fürsət güdən bir sıra saytlar tələmtələsik yazdılar ki, “Naxçıvan” TV-də yeyinti var... Yeyiblər, elə o işçilər - ayda 600 manat maaşa və 50-70 manat qonorara gecə-gündüz çalışan jurnalistlər “yeyiblər”...
Naxçıvan Televiziyası Bakı, Türkiyə, Qarbağ təmsilçiliyi açır, keyfiyyətli verilişlər verir, mədəniyyətmizi, dəyərlərimizi yaşadır. Amma məsələ budur ki, “yeyinti” var...
Heç yadımdan çıxmaz. Ərgən yaşlarım idi, Naxçıvandakı həyətimizdə toyuqlarımız üçün hin tikirdim. Özül hazırlamadan tikintiyə başladım, tikinti dili ilə desək "üçüncü daş"da işin zibili çıxdı. Özülə veriləsi qum-sementə olunan qənaət üçüncü daşda bütün işimi məhv elədi. Uçdu. Uçmalı da idi, bünövrə yox idi axı. "Həbs olundum" valideyinlərim tərəfdən. Hin tikmək arzum gözümdə qaldı. Belə də olmalı idi, yeyinti eləmişdim. Amma onu dərk elədim ki, bu dünyada hansı işi görürsən gör, özül olmalıdır.

Naxçıvan Televiziyası bağlanmalıdır. Mövcud real vəziyyət bunu tələb edir. Çünki “yeyinti” var. Amma yeyintinin səbəbi barədə danışılmır. Beş saata yaxındı ki, bütün əlaqələri işə salıb öyrənməyə çalışıram. Nəticə var, tapdım. Amma bu yerdə kəmərləri bərk sıxın, qəşş edib güləcəksiz: Əməkdaşlar deyir ki, "Təhsil və ixtisas tələbinə cavab verməyən işçilərə ödənilən məbləğə görə" artıq ödəmə yazıblar. Yəni operator ali təhsilli olmalıdır. Mən savadsızam, bilmirəm, mənə "operator" ixtisasını tədris edən bir ali təhsil müəssisəsi göstərin. Yoxdu, məncə, yoxdur. Yəqin elə yeyinti edənlər də, operatorlardı. İnanmıram ki, tək Naxçıvanda yox, Azərbaycanda sırf öz ixtisası üzrə çalışan operator ola. Cənablar, zəhmət olmasa, gedin, 1996-cı ildə qonorar haqqında təsdiq edilmiş qaydalara, 2005-ci ildə TV işçiləri üçün qəbul edilmiş ixtisas tələblərinə əl gəzdirin, sonra gəlib yoxlama edin. İndi 2024-cü ildir və o qaydalardan naftalin iyi gəlir. Həmin qaydalara görə bir nəfərə 10 manat qonorar yazmaq üçün 50 min manat qonorar yazmalısan. Çünki manatın nominal dəyəri bunu təəb edir. İndi buna nə deyirsiz? Birinci qanunları düzəldin, sonra onların tələblərini yerinə yetirmək vəzifəsi qoyun.
Bir də məni düşündürən odur ki, bu gün Hesablama Palatasında müzakirə aparılan iki qurumdan birinin - Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları müzakirələrdə iştirak edir, “Naxçıvan” televiziyasının təmsilçiləri isə yox. Səbəb nədir? Niyə şərait yaradılmır ki, hər iki tərəf öz sözünü desin, əsaslandırmasını aparsın?! Nədi, sizin dediyiniz "yeyinti" elə Naxçıvanın təşkilatlarına aiddi?! Gücünüz bütün banklara kredit borcu olan jurnalistlərə çatır? Bəlkə, özünüzə camaatı az güldürəsiz?

AFN.az



Xəbəri paylaş


 
 


Xəbər lenti