Dövlətə 27 milyona başa gələn çürüyən taksilərin aqibəti necə olacaq?

 
5-08-2024, 11:35            74 dəfə baxılıb
"London taksilərinin əksəriyyətinnin istismar müddəti başa çatıb. İstismar müddəti başa çatan taksilərlə bağlı qanunvericiliyin tələblərinə əsasən tədbir görüləcək. İstismar müddəti bitməyən, bərpası mümkün olan və mövcud tələblərə cavab verən nəqliyyat vasitələri isə mərhələli şəkildə təmir olunaraq xəttə buraxılır". Bunu Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "London" taksilərinin Lökbatan qəsəbəsindəki qarajda yararsız vəziyyətdə qaldığını əks etdirən görüntülərə münasibətdə bildirilib.

Qeyd edək ki, "London" taksilərinin Lökbatan qəsəbəsindəki qarajda yararsız vəziyyətdə qalmasını əks etdirən görüntülər sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. Sosial şəbəkə istifadəçiləri dövlət büdcəsinə milyonlarla manata başa gələn bu avtomobillərin qarajda çürüməsinin yolverilməz olduğunu söyləyiblər.
Qurumdan o da bildirilib ki, ölkədə taksi minik avtomobilləri parkının yenilənməsi, elektriklə işləyən, ekoloji cəhətdən təmiz və smart texnologiyaların geniş tətbiq edildiyi taksilərin istismarı prioritet istiqamət kimi müəyyən edilib.

Məlumat üçün bildirək ki, 2011-ci ildə Azərbaycana gətirilən "London" taksiləri hazırda Lökbatan qəsəbəsindəki qarajda toplanılıb.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a mövzu ilə bağlı açıqlamasında söyləyib ki, "London taksilərinin istehsal ili bu gün qoyulan tələblərə uyğun gəlmir. Ona görə də onların taksi minik avtomobilləri kimi istismarı yolverilməzdir, qanuna ziddir".
E.Muradlı bildirib ki, həmin avtomobillər bundan sonra taksi kimi istifadə edilə bilməz. Çünki, istismar ili hazırki tələblərə uyğun gəlmir.
Ekspert onu da deyib ki, bu avtomobillər ancaq başqa məqsədlərlə istifadə oluna bilər.
"O avtomobillərdən qismən saz vəziyyətdə olanları varsa, təmir edilərək şəxsi minik avtomobili kimi istifadə edilə bilər. Yaxud da onlar təmir edilib ehtiyacı olan təbəqələrin istifadəsilə verilə bilər. Orada qalıb çürüməkdənsə ehtiyacı olan təbəqələrə verilməsi daha yaxşı olardı. Çünki, bu avtomobillər taksidən başqa digər məqsədlərlə istifadəsi mümkündür. Bunu dövlət qurumları nəzərə alaraq dəyərləndirməlidir".

E.Muradlı onu da söyləyib ki, bu avtomobillərin alınmasına milyonlarla manat dövlət büdcəsindən vəsait xərclənib:
"Keçmiş nəqliyyat naziri Ziya Məmmədov "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovla birgə bu avtomobilləri ölkəyə gətirərək büdcədən milyonlarla manat pul xərclədilər. Lakin həmin vaxt bu avtomobillərin ölkəyə gətirilməsi gömrük orqanı tərəfindən rəsmiləşdirilmədi. Keçmiş nazirlə Hafiz Hacıyevin arasında yaranmış problem üzündən bu avtomobillər sanki havada qaldı. Gömrük rəsmiləşdirilməsindən keçmədiyindən, bu avtomobilləri küçədən yığışdırdılar ki, qeydiyyatdan keçməyib. İndi həmin avtomobillər qarajda çürüyür. Ölkə vətəndaşları da bunu ikrah hissi ilə qarşılayır. Bu avtomobillərin təkrar istismara verilməsi mümkündürsə, hətta beş avtomobildən birini yığmaq mümkündürsə, bunu etməklə ölkəyə fayda verməl olar. İnsanlar da beləcə avtomobil sahibi ola bilərlər".
Xatırladaq ki, 2011-ci ildə ilk gətirilən "London taksiləri" "Magnase Bronze Holdings" şirkətindən satın alınıb. Bu şirkətlə ümumilikdə 1000 ədəd taksi üçün müqavilə imzalanıb və bu müqavilənin dəyəri o zamankı məzənnə ilə 27 milyon dollar olub.









Xəbəri paylaş


 
 


Xəbər lenti