Bədəl Bədəlov artıq mandatı cibində hiss edir… – Deyir, nə seçki-meçki…
7-08-2024, 14:17 116 dəfə baxılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə tapşırıq verməsinə, məmurların xalqa xidmət etməli olduğu ilə bağlı tövsiyələrinə zidd hərəkətlər edən, büdcə vəsaitini şəxsi maraqlarına uyğun şəkildə sərf edən kifayət qədər məmurlar var.
Yenicag.az həmin məmurlardan biri olan və mediada dəfələrlə adı qalmaqallı hadisələrdə çəkilsə də, buna baxmayaraq, sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürən bir zamanlar Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsini icra edən Bədəl Bədəlov haqqında məlumatları təqdim edir.
Bədəl Bədəlov 2011-ci ildən bu vəzifəni icra etsə də, Prezident İlham Əliyevin 28 iyul 2023-cü il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib. Bu dövr ərzində sabiq vitse-prezident heç vaxt yaxşı işləri ilə gündəmə gəlməyi bacarmayıb. Ya oğlunun qalmaqallı hərəkətləri, ya da çoxsaylı əmlaklarını siyahısı ilə diqqət çəkib
Bədəl Bədəlov üzdə olmayan məmur olsa da, sərvəti heç də Vasif Talıbov, Ziya Məmmədov və digər oliqarx məmurların var-dövlətindən az deyil.
Mediada dərc olunan məlumatlara görə, Bədəl Bədəlovun təkcə Bakıda onlarla bahalı əmlakı var. Paytaxtın “Varovski” deyilən və varlılar məhəlləsi kimi tanınan ərazisində dəyəri milyonlarla manatla ölçülən bir neçə villaya sahibdir. Yəqin ki, Bədəl Bədəlov bu villaları, həmçinin Bakıdakı bahalı əmlaklarını əmək haqqı ilə almayıb.
Bundan başqa, bir neçə il əvvəl məlumat yayılmışdı ki, Bədəl Bədəlovun oğlu Elvin Bədəlov sanatoriya açıb. Söhbət “Naftalan Mərkəzi Sanatoriyası” MMC-dən gedir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Elvin Bədəlov olub. Bu məlumat ictimailəşəndən sonra sanatoriyanın qanuni təmsilçisi dəyişib. Bədəl Bədəlov “proxy sahibkar”la sanatoriyanın ona aid olmadığını gizlətməyə çalışıb. Lakin məlumatlarda deyilir ki, hazırda sanatoriyanın idarə edilməsi ilə Elvin Bədəlov məşğuldur.
Elvin Bədəlovun sahibkarlıq fəaliyyəti ilə məşğul olması əlbəttə ki, atasının məmur olması ilə bağlıdır. Mediada onun barəsində yayılan informasiyalardan biri də həm də müxtəlif obyektlər açmaqla atasının çirkli pullarını yuması ilə bağlıdır. Bədəl Bədəlovun müxtəlif şəxslərin adına olan çoxsaylı şirkətlərinin də olduğu bildirilir. Onun digər oğlu Elçin Bədəlovun dəbdəbəli həyat yaşaması və bunu açıq-aşkar nümayiş etdirməsi faktı da var. Onun bahalı avtomobillərlə fotoları sosial şəbəkələrin “bəzəyinə” çevrilib.
Bədəl Bədəlov bəzi hallarda məmur statusundan istifadə edərək sıravi vətəndaşların hüquqlarını da pozub. Bununla bağlı da mediada kifayət qədər yazılıb. Məsələn, bir neçə il əvvəl Keşlə qəsəbəsində sıravi vətəndaşlardan birinə ev tikməyə icazə verməyib. Əraziyə gələn SOCAR əməkdaşları açıq şəkildə bildiriblər ki, ev tikilərsə, Bədəl Bədəlov onu yerlə-yeksan elətdirəcək. Onlar hətta ərazinin SOCAR-a aidiyyatı olmadığını, sadəcə Bədəl Bədəlovun belə istədiyini bildiriblər. Bəzi iddialara görə, həmin ərazidə Bədəl Bədəlova və ya onun yaxınlarından birinə məxsus ev var. Vətəndaşın tikdiyi ev həmin evin görünüşünə xələl gətirdiyinə görə vitse-prezident tikintiyə icazə verməyib.
Bir sözlə, Bədəl Bədəlovun qanunsuz əməlləri və korrupsiya əməlləri barədə faktları sadalamaqla bitməz.
Bədəl Bədəlovun seçkilərdə iştirakı ilə bağlı qalmaqallı məlumatlardan biri də Naftalanın icra başçısı Vüqar Novruzov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 96 saylı Goranboy – Naftalan Seçki Dairəsindən YAP-ın namizədi olan Bədəl Bədəlovun vəkilliyini edib, onun təbliğatını aparması ilə bağlıdır. Qeyd edilir ki, o, hətta işini bununla da yekunlaşdırmayıb, həmin dairədən kimin namizəd olub-olmayacağına da qərar verir.
Yayılan məlumatlara görə, bu qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət də olunub.
Xəbəri paylaş