Xanlar Fətiyevin SAXTA MANDATI: Başçı işə qarışıb... - Qaramaskalılar Bərdəyə DƏVƏT OLUNDU
3-09-2024, 12:29 20 dəfə baxılıb
98 saylı Bərdə - Tərtər Seçki Dairəsindən deputatlığa namizəd, "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyinin sədri Məhluqə Rəhimovanın vəkili sosial mediada canlı yayım açaraq seçki saxtakarlıqlarını ifşa edib.
Anaxeber.info məlumat verir ki, namizədin vəkili Xanlar Fətiyevin qalib elan olunması üçün Bərdənin icra başçısı Vidadi İsayevin seçkiyə müdaxilə etdiyini açıqlayıb. Onun sözlərinə görə, əvvəla təbliğat kampaniyası dövründə seçicilərlə görüşlər və olduqları ərazilərdə müşahidələri göstərdi ki, Bərdənin kifayət qədər ağır problemləri var. Xüsusən də Bərdənin kəndlərində su, işıq və yol problemləri mövcuddur. Deputatlığa namizədin nümayəndəsi deyib ki, Bərdə icra başçısı isə bu illər ərzində Bərdənin inkişafı və problemlərinin həlli istiqamətində layihələr həyata keçirmək əvəzinə varidat toplayıb. O, inanır ki, bir gün Prezident İlham Əliyevə Bərdədə verilən məlumat əsasında icra başçısı Vidadi İsayevlə bağlı qərar veriləcək, hüquq-mühafizə orqanları onun əməllərinə görə başına "sığal" çəkəcəklər. Namizədin vəkili Vidadi İsayevin vəzifədən azad olunmasının çoxdan vaxtı çatdığını bəyan edib.
Seçkilərə gəlincə, Məhluqə Rəhimovanın vəkili bildirib ki, Xanlar Fətiyevə 13 mindən çox səs yazılıb. Onun sözlərinə görə, seçki məntəqələrinə səs verməyə bu qədər seçici gəlməyib və Xanlar Fətiyevin xeyrinə bu nəticə elan olunub. O, icra başçısının Xanlar Fətiyevin deputat seçilməsi üçün saxtakarlıqları təşkil etdiyini deyib və əlavə edib ki, Vidadi İsayev Xanlar Fətiyevi millətə yox, özünə vəkil seçib.
M. Rəhimovanın nümayəndəsi onu da vurğulayıb ki, Xanlar Fətiyev Gəncədə avtomobil zavodunun rəhbəridir və deputat mandatı ona biznesinin toxunulmazlığı üçün vacibdir. O, qeyd edib ki, Xanlar Fətiyev gəncəlilər üçün heç bir iş görməyib deyə onun bu şəhərdə nüfuzunun olmaması nəzərə alınaraq, Bərdə-Tərtərdən namizədliyinin irəli sürülməsi məsləhət görülüb. Namizədin vəkili hesab edir ki, bir iş adamının millətə dəstək olmaq üçün deputatlığa ehtiyacı yoxdur, minlərlə işsiz insanlar var, onlara kömək etmək yetərlidir. Ancaq o, bu mandatı biznesini qarantiyaya almaq niyyəti ilə əldə etməkdədir. Bununla belə, Məhluqə Rəhimovanın nümayəndəsi Vidadi İsayevin seçkilərə müdaxiləsi və Xanlar Fətiyevi necə seçdirməsi ilə bağlı əldə olan məlumatları təqdim edəcəyini, mübarizəni davam etdirəcəklərini vurğulayıb.
Xəbəri paylaş