Paşinyandan sülh sazişi ilə bağlı açıqlama – Azərbaycana nə təklif edir?

 
10-09-2024, 13:58            25 dəfə baxılıb
“Cənubi Qafqazda davamlı sülh təkcə mümkün deyil, həm də realdır”.

Bunu Ermənistanın Baş nazir Nikol Paşinyan bu gün “İrəvan dialoqu” beynəlxalq forumunda çıxışı zamanı bəyan edib.
Sülh danışıqlarına toxunan Ermənistan hökumətinin başçısı əvvəlcə sülh müqaviləsinin 80 faizinin razılaşdırıldığını təsdiqləyib, sonra izahat verib: “13 maddə və layihənin preambulası tam razılaşdırılıb. Əsasən iki cümlədən ibarət daha üç maddə qismən razılaşdırılıb. Bu maddələrin cümlələrindən biri razılaşdırılıb, digəri razılaşdırılmayıb”.
Paşinyan razılaşmanın məzmununu açıqlamayıb. Sadəcə qeyd edib ki, rəsmi İrəvan razılaşdırılmış müddəaların imzalanmasını, fundamental sənədin olmasını, ondan sonra qalan məsələlər üzrə müzakirələrin davam etdirilməsini təklif edir.
Paşinyan həmçinin qeyd edib ki, sülh müqaviləsinin razılaşdırılmış hissəsində Ermənistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulması haqqında müddəa nəzərdə tutulub.
Dünən rəsmi Bakı natamam razılaşdırılmış sülh müqaviləsinin imzalanmasını qəbuledilməz hesab etdiyini açıqlayıb və vurğulayıb ki, iki ölkə arasında bir sıra istiqamətlər üzrə problemli məsələlərə aydınlıq gətirilməlidir.
Bakı Ermənistanın Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən maddələrin çıxarılmasında israr edir. Əks halda sülh müqaviləsinin imzalamasının mümkünsüz olduğunu bildirir. Bakı Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları əksini tapan Müstəqillik Bəyannaməsinə istinad olunmasını yolverilməz hesab edir.
Həmçinin, Ermənistan üzərinə Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması ilə bağlı yazılı və imzalanmış öhdəliklər götürməsinə baxmayaraq, 4 ildir onları yerinə yetirmir.
Ancaq Paşinyan Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını faktiki olaraq mümkünsüz edən problemləri “görməzdən” gəlməyə, ikinci dərəcəli məsələləri önə çıxarmağa çalışır. Bununla da beynəlxalq ictimaiyyətə özünü sülhpərvər kimi göstərmək istəyir. Bu cür erməni hiyləgərliyi isə regiona davamlı sülhün gəlməsinə imkan vermir. 



Xəbəri paylaş


 
 


Xəbər lenti