Fransada 5 milyonluq villası uçurdulan məşhur qadınla bağlı AÇIQLAMA

 
12-09-2024, 12:16            110 dəfə baxılıb
Ötən həftə bahalı çantası ilə gündəmə gələn VI çağırış Milli Məclis deputatı Hicran Hüseynovanın Fransada dənizkənarında yeni villa tikdirdiyi üzə çıxıb. Bu xəbər ictimaiyyətdə müzakirələrə səbəb olub.
Adı maliyyə skandalında hallanan H.Hüseynova ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılacaqmı?


KONKRET.az xəbər verir ki, mövzunu globalinfo.az-a şərh edən hüquqşünas Əkrəm Həsənov deyib ki, bununla bağlı araşdırma başladıla bilməz.
Onun sözlərinə görə, buna səbəb dövlət qulluqçularının gəlir və xərc bəyannaməsi mexanizminin işləməməsidir:
“2005-ci ildə qanun qəbul olunub ki, məmurlar və onların ailə üzvləri ildə bir dəfə gəlirlərini bəyan etməlidirlər. Bu qanun qüvvəyə minsə də, işləmir. Hətta bəyannamənin forması 19 ildir ki, təsdiqlənmir.
Korrupsiyaya qarşı mübarizə aparmaq istəyiriksə, bunu mütləq etməliyik. Bununla bağlı addımlar atmadıqda insanlarda da haqlı şübhələr yaranır. Gəlir və xərc bəyannaməsi dünyanın bütün sivil ölkələrində işləyir.
Məmur gəlir və xərcini bəyan edəndən sonra sabah onunla bağlı nəsə müəmmalı əmlak, mülk üzə çıxanda, artıq ona suallar vermək, araşdırma aparmaq olar ki, bunları hansı pulla əldə edib. Tələb olmadıqda isə soruşa bilməzlər”.

Əkrəm Həsənov
Hüquqşünas deyib ki, indi mülkün hansı pulla əldə edilməsini soruşduqda, yalan cavablar verə bilərlər:
“Məsələn, gəlir və xərcini rəsmi şəkildə bəyan etmədiyi üçün deyəcək ki, nənə-babamdan qalma pulla əldə etmişəm və s. Buna görə də, məmurlarımız bundan geniş, istədikləri kimi istifadə edirlər. Ümumiyyətlə, Azərbaycanda korrupsiya ilə mübarizə aparmaq üçün ilk növbədə bəyannamə məsələsini tətbiq etmək lazımdır”.
Xatırladaq ki, Hicran Hüseynova və bacısının Fransada dəniz sahilində 5 milyon avroluq villasını buldozerin qabağına verib yerində kompleks tikdirdiyi haqda ötən gün məlumat yayılıb. Bu məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial media hesabında yazıb.





Xəbəri paylaş


 
 


Xəbər lenti