"HAQLI OLDUĞUMA BAXMAYARAQ, 5 İLDİR MÜSTƏNTİQ İŞİMƏ BAXMIR" - "Deyir ki, qarşı tərəf işin məhkəməyə getməsini istəmir"

 
10-10-2024, 14:10            27 dəfə baxılıb

Yeni Suraxanı rayon sakini Cahangirov Valeh Məhəmməd oğlu tərəfindən Hürriyyet. az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Coşqun Əlizadə tərəfindən aldadılaraq pulu mənimsənilib:
"Mən, Cahangirov Valeh Məhəmməd oğlu yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız. Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşayıram. Taksi fəaliyyət ilə məşğulam. Yəni kəndin hamısını tanıyıram. Açıq desək, kim nə işlə məşğuldursa, bilirəm. Həmin ərazidə torpaq satanlardan biri də Coşqun Əlizadədir. Çox imkanlı adamdır. Həmin ərazidə bütün torpaqlar etibarnamə ilə alınıb. Kənd təsərrüfatı xarakterli olmasına baxmayaraq, həmin torpaqlarda evlər tikilib. Mən də orda torpaq almışam və ev tikmişəm. Mənə də sözügedən ərazini təklif edən Əlizadə Coşqunun adamı Elçin Cəfərovdur. O dedi ki, bu ərazinin sotunu 2000 manatdan satırıq. Daha sonra Coşqun Əlizadə ilə əlaqə saxladıq. Telefon əlaqəsində ona bildirdim ki, pulu faizə götürmüşəm… Mənə pul verən adam da demişdi ki, pul verilməsi üçün girov qoymaq lazımdır. Coşqun Əlizadə mənə narahat olmamağımı dedi.
Daha sonra Elçin Cəfərov sənədimi məndən alıb, Coşqun Əlizadəyə apardı. İki-üç gündən sonra Coşqun Əlizadə zəng etdi ki, Bakı şəhəri 11 saylı Notariusa gəlim. Notariusda 4 sot torpaq etibarnamə ilə Əlizadə Coşqunun adından mənə verildi. Üstündən 7 ay keçəndən sonra mənə dedilər ki, notariusda mənim sənədim yoxdur. Ləğv olunduğunu bildirdilər. Məsələdən xəbər tutduqdan sonra 11 saylı Notariusa getdim, dedim ki, əgər etibarnamə ləğv edilirsə, vətəndaşa xəbər verilməli, ən azından evinə məktub göndərilməlidir. Amma məndən xəbərsiz etibarnamə ləğv edilib. Məsələ ilə bağlı müraciət etmədiyim qurum qalmayıb. 
Polisə şikayət vermişəm, istintaq artıq başa çatıb. Aydın oldu ki, həqiqətəndə dediklərim doğrudur. Hazırda isə yanvar ayından bugünə kimi işimi məhkəməyə yönləndirmirlər. Səbəb isə qarşı tərəfin məhkəmə prosesində iştirak etmək istəməməyidir. Müstəntiq hansı məqsədlə, qarşı tərəfin sözü ilə hərəkət edir anlaya bilmirəm.Yəqin nəsə maraq var ki, işi məhkəməyə yönləndirmir. Suraxanı rayonu prokuror köməkçisi Elgiz müəllimin qəbulunda oldum problemimi bildirdim. Yanımda müstəntiqə zəng vurdu, soruşdu ki, işi niyə göndərmirsən məhkəməyə? O zaman müstəntiq dediki, qarşı tərəf işin məhkəməyə getməyini istəmir. Prakuror isə bildirdi ki, istəmirsə o zaman kişinin torpağını versin söhbət bağlanılsın. Niyə cammatı bu qədər incidir? 
Həmin gündən yenə məsələ uzanır, işidə məhkəməyə vermirlər. 
Mən, sayt vasitəsilə səlahiyyətli qurumlara bildirirəm ki, 5 ildir şikayətçiyəm. İşi müstəntiq qərəzli şəkildə və yaxud da hansısa marağı qarşısında məhkəməyə yönləndirmir. İstintaq bitib nəyi gözləyir, sadəcə burada yenə deyirəm nəsə maraq var. İşin maraqlı tərəfi budur ki, qarşı tərəf məni 2 dəfə məhkəməyə verib. Səbəb isə guya mən onun şərəf və ləyaqətini təhqir etmişəm. Sağ olsun məhkəmələr də gördülər ki, günahsızam işə baxmadılar. 
Mən sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, müstəntiqə tapşırıq versinlər, işi məhkəməyə versin. 5 ildir haqlı olduğum halda süründürürlər".

Redaksiyadan: Yazıda adı qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
facebook sharing button Share



Xəbəri paylaş


 
 


Xəbər lenti