Baş həkim dərmanları satıb, xəstə məhbuslar dərmansız qalıb – “Kasıb, kimsəsiz məhkumlar yalnız öləcəyi günü gözləyirlər”

 
17-10-2024, 13:53            115 dəfə baxılıb
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinin tibb sanitar hissəsində cəza çəkən 1-ci dərəcəli əlil məhkum Səmədov Əli Azər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Onun məktubunu olduğukimi dərc edirik:
“Yazıb sizə bildirirəm ki, mən hazırda xəstəliyimlə əlaqədar tibb sanitar hissədə müalicələrə cəlb edilmişəm. Səhhətimin ağır olması səbəbi ilə müalicə ala bilmədikdə cəzamı çəkə bilmirəm.
Sizə bildirirəm ki, iki aydan da artıq müddət keçməsinə baxmayaraq, müəssisəyə dərman preparatlarının gəlişinə məhdudiyyətlər qoyulmuşdur. 15 saylı Cəzaçəkmə Müəssisəsində olduğu kimi, digər Cəzaçəkmə Müəssisələrində, habelə müalicə müəssisəsində də vəziyyət eynidir. Dərmanların bitməsi əsas göstərilərək, xəstə məhkumların müalicələri tamamilə dayandırılmışdır. Həkimlər əllərindən gələni etmək istəsələr də, dərmanların olmamasına görə, hər gün məhkumlarla mübahisəyə girmək məcburiyyətində qalır və onlardan həmin dərmanları şəxsi vəsaitləri hesabına almaqlarını xahiş edirlər. Mənim kimi sosial müavinət alan məhkumlar dərmanları ala bilsə də, kasıb, kimsəsiz məhkumlar yalnız öləcəyi günü gözləyirlər.
Muraciətimə əsasən, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin əməkdaşı Məhəl həkim şifahi olaraq bildirir ki, dərmanların bazadan cəzaçəkmə müəssisələrinə göndərilməməsinin başlıca səbəbi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi rəisinin yeni dəyişdirilməsidir. Onun sözlərinə görə, yeni rəis cəzaçəkmə müəssisələrinə dərman preparatlarının paylanmasına dair sənədləri imzalamayıb. Səbəb olaraq 11 saylı Cəzaçəkmə Müəssisəsinin baş həkimi Elşən İsayevin dərmanları müəssisə ərazisindən qeyri-qanuni çıxarmasidir. Məsələ Tibb Baş İdarəsi tərəfindən araşdırılır, yəqin ki, önümüzdəki aylarda dərmanlar cəzaçəkmə müəssisələrinə çatdırılacaqdır.
Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə və Ədliyyə naziri Fərid Əhmədova müraciət edərək xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi obyektiv araşdırıb, qanuni tədbirlər görəsiniz. Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.



Xəbəri paylaş


 
 


Xəbər lenti