Pulu Elman Rüstəmov “yeyib”, vətəndaşın mülkü əlindən alınır - NONSENS MƏHKƏMƏ İŞİ

 
23-10-2024, 15:20            27 dəfə baxılıb
Azərbaycanda məhkəmə saxta sənədlərlə, eks-baş bankir, hazırda baş nazirin müavini olan Elman Rüstəmovun göstərişi ilə verilən kreditə görə vətəndaşa məxsus obyekti satışa çıxarmağa hazırlaşır.
Əslində, bu gün Yasamal Rayon Məhkəməsində Nizami Kərimovun iddiası əsasında aparılan məhkəmə araşdırmasının bütün Azərbaycan vətəndaşlarının, elə işə baxan hakim Ayşən Sultanova-Məmmədovanın özünün, yaxınlarının mülkiyyət hüququna birbaşa aidiyyəti var.
Hakimin verəcəyi yanlış qərar bütün vətəndaşların mülkiyyət hüquqlarını laxladıb alt-üst etmək, kökündən məhv etmək gücündədir. Sadə dillə desək, hər kəsin əmlakını ondan xəbərsiz banka girov qoymağa, götürülən krediti ödəməməklə əmlakını banka ötürməyə imkan verəcək. Bu isə böyük bir cinayətdir, Azərbaycan Konstitusiyasının 29-cu maddəsi ilə təsbit olunan mülkiyyət hüququnun zorlanmasıdır. Ən başlıcası isə Azərbaycan məhkəmələrində Elman Rüstəmovun maraqlarına uyğun qətnamə çıxarılarsa, bütünlükdə Azərbaycanda mülkiyyət sahibi olan hər bir vətəndaşın əmlakını eyni şəkildə qəsb etmək mümkün olacaq.
Məsələ burasındadır ki, Azərbaycan vətəndaşı Nizami Kərimovun əmlakı ondan xəbərsiz girov qoyulub, əvəzində 5 milyon manat kredit götürülüb. Vətəndaş bu maxinasiyadan 6 il sonra xəbər tutub. Nəsimi Rayon Məhkəməsinə müraciət edib və bu maxinasiyanın altından oliqarx-bankir Elman Rüstəmovun adı ortaya çıxıb.
Nizami Kərimovun əmlakı satın aldığı “Aqana Servis” Elman Rüstəmovun tikinti şirkətlərindən biridir. Şirkəti də oliqarx bankirin şəriki Azad Nağıyev idarə edib. Nizami Kərimov əmlakla bağlı araşdırmalarını davam etdirdikcə, pulunu verib satın aldığı əmlakı ilə bağlı böyük bir cinayətə yol verilməsi faktını müəyyən edib. Məlum olub ki, Elman Rüstəmov Mərkəzi Bankın sədri olduğu günlərdə Azad Nağıyevə tapşırıb ki, tikdikləri binada artıq satılmış, Nizami Kərimovun mülkiyyətində olan əmlakı girov qoysun və 5 milyon manat kredit götürüb ona versin. Azad Nağıyev şəriki Elman Rüstəmovun göstərişini yerinə yetirib və 5 milyon kredit götürüb, pulu oliqarx-bankirə ötürüb.
Halbuki, Nizami Kərimov 2010-cu ildə həmin qeyri-yaşayış sahəsini “Aqana Servis”dən – faktiki olaraq Elman Rüstəmovdan pulunu ödəməklə alıb. Elman Rüstəmovun “Aqana Servis”i də qeyri-yaşayış sahəsinin dəyərinin Nizami Kərimov tərəfindən tam ödənilməsi haqda ona 02/04 saylı maliyyə arayışı da təqdim edib.
Nəsimi Rayon Məhkəməsinin hakimi Natəvan Tağıyeva 2021-ci ilin 3 sentyabr tarixində Nizami Kərimovun iddiasını təmin edib. Çıxarılan qətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, L.İmanov küçəsi, ev 5 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və “Premium Bank”a 24.10.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilib.
Faktiki olaraq kreditin cinayət yolu ilə götürülməsi çıxarılan qətnamə ilə sübut olunub. Hətta Elman Rüstəmovun şəriki Azad Nağıyev bu cinayətə görə uzunmüddətli həbsə məhkum olunub. Buna baxmayaraq, Mərkəzi Bank və digər məhkəmə instansiyası vətəndaş Nizami Kərimovun əmlakının satışa çıxarılmasına çalışır. Nəsimi Rayon Məhkəməsi iş üzrə məlum qətnaməni çıxarana qədər Elman Rüstəmov yaxasını baş verənlərdən kənar tutub. Hətta Elman Rüstəmov Nizami Kərimovun əmlakına qəsd faktına görə şəriki Azad Nağıyevin uzunmüddətli həbsə göndərilməsinə də biganə yanaşıb. Buna qədər baş verənlərə seyrçi mövqe sərgiləyən, yaxasını kənarda tutan Elman Rüstəmov Nizami Kərimovun əmlakının girovdan çıxarılması məhkəmə qətnaməsində əks olunandan sonra üzə çıxıb və vətəndaşın mülkiyyətinin girovluqdan çıxarılmasını əngəlləməyə başlayıb.
3 ildir ki, Elman Rüstəmov Nizami Kərimovun halal əmlakının girovdan çıxarılmasına imkan vermir! Belə ki, Nizami Kərimov yenidən məhkəməyə müraciət etməklə əmlakının girovluqdan çıxarılmasını tələb edib. 1 ilə yaxındır ki, Yasamal Rayon Məhkəməsində hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə Nizami Kərimovun şikayətinə baxılır. Oliqarx-bankir Elman Rüstəmov birbaşa məhkəmədə iştirak etmir. Buna baxmayaraq, hakim Ayşən Sultanova-Məmmədova oliqarx-bankir Elman Rüstəmovun adı keçən işdə obyektivlikdən uzaq mövqe sərgiləyir, vətəndaşın iddiasını təmin etməyə də tələsmir. Ortada böyük bir cinayət var – vətəndaşın mükiyyət hüququ göz görə-görə ayaqlar altına atılıb, tapdanır!
Əmlakı Nizami Kərimovdan xəbərsiz girov qoyulub və külli miqdarda kredit götürülüb! Bu gün krediti götürən Elman Rüstəmovun şəriki Azad Nağıyev həbsdədir, oliqarx bankir isə krediti ödəmək niyyətindən uzaqdır, Nizami Kərimovun əmlakını banka ötürüb 5 milyonu qaytarmaq istəmir.
Azərbaycanın bir məhkəmə instansiyası vətəndaş Nizami Kərimova qarşı cinayətə yol verildiyini hökmü ilə təsdiq edib və cinayətə yol verən Azad Nağıyevi həbsə göndərib, əmlakın girov qoyulmasına yol açan saxta çıxarış da ləğv olunub!
Azərbaycanın digər instansiyası - indiki halda Yasamal Məhkəməsi isə digər məhkəmə isntansiyasının çıxardığı hökmü saya salmır, oliqarx-bankir Elman Rüstəmovun mövqeyinə uyğun mövqe sərgiləyir.
Bu cinayətdə ən ilginc məqəm isə budur ki, Azad Nağıyev cəza yerindən dəfələrlə məhkəməyə müraciət edir, Nizami Kərimovun əmlakının girov qoyulması cinayətinin təfərrüatını açıqlamaq niyyətini ortaya qoyur. Həqiqətin üzə çıxmasının tərəfdarı olmalı məhkəmə isə Azad Nağıyevin az qala ağzını tutub danışmasına, Elman Rüstəmovun cinayətə bərabər əməlinə dair bildiklərini deməsinə şərait yaratmır. Məsələ burasındadır ki, Nizami Kərimovun üzləşdiyi əmlak maxinasiyası, konkret olaraq əmlakının qanunsuz girov qoyulması, bu gün isə qanunsuz girovluqdan azad edilməməsi cinayətinə “dur” deyən də tapılmır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com



Xəbəri paylaş


 
 


Xəbər lenti