“Layihə üçün 3500 manat pul ödəmişəm, amma…” - GİLEY

 
25-10-2024, 11:16            97 dəfə baxılıb
Ağdam rayonu, Qalayçılar kənd sakini, Məmmədova Lüdmila İdris qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Bildirim ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində 240 kv sahəsi olan obyektim var. Cənab Prezidentin göstərişi ilə sənədsiz obyektlərin sənədləşdirilməsi ilə bağlı amnistiya elan olundu. Biz də öz obyektimizi sənədləşdirmək istədik. Sevindik ki, cənab Prezidentimiz belə göstəriş verib. Həm dövlət büdcəsi, həm də bizim üçün faydalı olar deyə düşündük.

Fövqəlada Hallar Nazirliyi (FHN) tərəfindən sahibkara təlimat gəlməlidir. Çox təəssüflər olsun ki, biz bunu bilmədik. Hansısa göstəricilər olmalıdır ki, obyekt sənədləşdirilsin. Bizə heç bir təlimat verilmədi.

Layihə üçün 3500 manat pul ödəmişəm. Qeyd edim ki, hər layihə çəkəni qəbul etmirlər. Bu da bir monopoliyadır. FHN-ə 3500 manat verirsən, layihə çəkənlə razılaşır. 3500 manatı verirsən, sonra isə pulun batmasın deyə qarşıdan gələn xərcləri də ödəməyə məcbur olursan. Verməsən, sənədinə imtina cavabı göndərirlər.

Qeyd edim ki, kommunal xərcləri də “əhali”dən “qeyri-əhali”yə keçirmək üçün pul ödəməlisən. Əgər qurumlardan hansısa imtina verərsə, pullarını itirirsən. Ümumi desək, xərc 40 və ya 50 min manatı keçir”.

Fövqəladə Hallar Nazirliyindən “Hürriyyət”ə bildirildi ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 26-cı dalan ünvanında yerləşən mövcud tikilidə (şirə istehsalı sexi) yanğının söndürülməsi üçün tikinti norma və qaydalarının yanğına qarşı tələblərinə əsasən mülkiyyətçi tərəfindən həcmi 108 m3 olan yanğına qarşı su hovuzu təmin olunmadığından, obyektin yanğın təhlükəsizliyi baxımından istismarına icazənin verilməsi razılaşdırılmamışdır. Video-materialdan göründüyü kimi, yanğına qarşı su hovuzu inşa edildikdən və təmin olunduqdan sonra vətəndaşın təkrar müraciəti əsasında obyektin istismarına müsbət cavabın verilməsi təmin ediləcəkdir.

“Onu qeyd edək ki, yaradılmış sənəd qəbulu mərkəzlərində birmənalı olaraq layihəçi tələbi yoxdur. Lisenziyası olan istənilən layihəçi tərəfindən obyektin layihələndirilməsi aparıla bilər. Öncədən obyektin uyğunluğu barədə müvafiq rəyin verilməsi isə yalnız sənəd qəbulundan, yəni obyekt barədə məlumat təchizat qurumlarına təqdim edildikdən sonra müəyyən edilə bilər”, - deyə nazirlikdən bildirilib.

Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi təqdim edirik:





Xəbəri paylaş


 
 


Xəbər lenti